Son dövrlərdə Kyiv tez-tez hücumlara məruz qalsa da, Moskva sakinləri özlərini daha təhlükəsiz hiss edirdilər. Lakin bazar günü Rusiyanın paytaxtına edilən dron hücumunda azı üç nəfər, o cümlədən bir Hindistan vətəndaşı öldü. Rusiya Müdafiə Nazirliyi isə 24 saat ərzində 1000-dən çox dron vurduğunu açıqladı.
Sitat.info xəbər verir ki, bu hadisələrdən bir həftə əvvəl Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsinin “sona yaxınlaşa biləcəyini” demişdi. O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə neytral ölkədə görüşə hazır olduğunu bildirmişdi. Amma eyni zamanda “Qələbə həmişə bizim olub və olacaq” sözlərini də əlavə etmişdi.
ABŞ prezidenti Donald Tramp da daha əvvəl müharibəni “24 saata bitirəcəyini” vəd etsə də, bu baş vermədi. Bu ay onun vasitəçiliyi ilə yalnız üç günlük atəşkəs əldə olunub.
Ekspertlər bildirirlər ki, tərəflərin mövqeləri hələ də çox sərtdir. Putin Ukraynanın Rusiyanın iddia etdiyi ərazilərdən imtina etməsini tələb edir. Zelenski isə ölkə torpaqlarını rəsmi şəkildə verməyəcəyini deyir, lakin hazırkı cəbhə xətti üzrə atəşkəsə razıdır.
Analitiklərə görə, Rusiya vaxt qazanmağa çalışır. Moskva danışıqları uzadaraq döyüş meydanında üstünlük əldə etmək istəyir. Bununla yanaşı, Ukrayna da dron istehsalı və uzaqmənzilli hücum imkanlarını gücləndirib, Rusiyanın enerji və hərbi infrastrukturuna zərbələr endirir.
Avropada isə vəziyyət dəyişə bilər. Bəzi ekspertlər düşünür ki, gələcək seçkilərdə ifrat sağ qüvvələrin güclənməsi Ukraynaya dəstəyi zəiflədə bilər və bu da Rusiyanın maraqlarına uyğun olar.
Putin 2022-ci ildə qarşıya qoyduğu məqsədlərdən heç olmasa birini reallaşdırmadan geri çəkilmək istəmir. Əks halda zəif görünəcəyindən ehtiyat edir. Buna görə də müharibənin yaxın vaxtda tam bitməsi hələ real görünmür.
Nigar,
Sitat.info