Bu sahələrdə çalışanlara şad xəbər: 20 il vergi ödəyəməyəcəksiniz

13:57 17 İyun 2026

Süni intellekt və rəqəmsal texnologiyalar sahəsinə 20 illik vergi güzəştləri verilir.

Sitat.info xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Tibbi sığorta haqqında", "Miqrasiya Məcəlləsində" və digər qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, Azərbaycanda ilk dəfə süni intellekt, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, innovasiya məhsulu, texnologiya transferi, bulud hesablama xidmətləri, frilanser və digər rəqəmsal iqtisadiyyata aid anlayışlar qanunvericilikdə təsbit edilir. Dəyişikliklər bu sahədə fəaliyyət göstərən şirkətlər və mütəxəssislər üçün uzunmüddətli vergi stimullarının tətbiqini nəzərdə tutur.

Qanun layihəsinə əsasən, süni intellekt, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər gəlir (mənfəət), əmlak və torpaq vergisi üzrə 20 il müddətinə güzəştlərdən yararlana biləcəklər. Eyni zamanda, bu sahələrdə çalışan yüksəkixtisaslı mütəxəssislərin əməkhaqlarına tətbiq olunan gəlir vergisinin 20 il müddətinə sıfır faiz dərəcəsi ilə hesablanması təklif edilir. Bununla hökumət ölkəyə yüksək ixtisaslı kadrların cəlb edilməsini və innovasiya sektorunun inkişafını stimullaşdırmağı hədəfləyir.

Layihədə rəqəmsal iqtisadiyyatın inkişafı üçün proqram təminatı, bulud hesablama xidmətləri (SaaS, PaaS və IaaS), API xidmətləri, texnologiya transferi və digər rəqəmsal xidmətlər üzrə də vergi güzəştləri nəzərdə tutulur. Bununla yanaşı, süni intellekt və innovasiya məhsullarının hazırlanması, nou-haunun kommersiyalaşdırılması və bu fəaliyyətlərdən əldə olunan gəlirlərin vergiyə cəlb edilməsində də güzəştli mexanizmlərin tətbiqi təklif olunur.

Qanun layihəsində elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin dəstəklənməsi üçün əlavə stimullar da əksini tapıb. Belə ki, elmi-tədqiqat və innovasiya layihələrinə çəkilən xərclərin 250 faizi vergitutulan gəlirdən çıxılan xərc kimi nəzərə alınacaq. Bu mexanizmin universitetlər, elmi müəssisələr və özəl sektor arasında əməkdaşlığı genişləndirəcəyi, yeni texnologiyaların hazırlanmasını sürətləndirəcəyi və innovasiya ekosisteminin inkişafına təkan verəcəyi gözlənilir.

Qanun layihəsinin məqsədi Azərbaycanda süni intellekt və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlər üçün daha əlverişli biznes mühiti formalaşdırmaq, innovasiya və yüksək texnologiyalara investisiyaları artırmaq, eləcə də ölkənin rəqəmsal iqtisadiyyat üzrə regional mərkəzlərdən birinə çevrilməsinə şərait yaratmaqdır.



Xəbər xətti