Milli Məclisin sədri Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşüb.
Bu barədə Sitat.info-ya milli Məclisdən məlumat verilib.
Görüşdə ABŞ-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, iki ölkə arasında əlaqələr son dövrlərdə yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmət, ortaq maraqlar, sülh, təhlükəsizlik və tərəqqiyə xidmət edən əsaslar üzərində qurulub.
Milli Məclisin sədri Birləşmiş Ştatlar və Prezident Donald Trampın regionda sülh və sabitliyin dəstəklənməsindəki roluna toxunaraq, bu çərçivədə Vaşinqton sammiti və onun uğurlu nəticələrini qeyd edib.
Bildirilib ki, Azərbaycan Milli Məclisində bununla bağlı xüsusi sessiya təşkil olunub.
Söhbət zamanı Vaşinqtonda sülh sazişinin paraflanmasının və üçtərəfli Birgə Bəyannamənin imzalanmasının regionda sülh və sabitliyin bərpa olunması baxımından mühüm əhəmiyyəti vurğulanıb. Eyni zamanda, TRIPP dəhlizinin regional nəqliyyat bağlantılarının inkişafı, regionda sülh və əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verəcəyi bildirilib.
Spiker Prezident İlham Əliyevin Vaşinqtona son səfərlərinin, Azərbaycan dövlət başçısının Prezident Donald Trampla görüşlərinin ikitərəfli əlaqələrin inkişafı baxımından tarixi əhəmiyyətini diqqətə çatdırıb.
Həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının münasibətlərimizin daha da genişləndirilməsi baxımından mühüm rolu qeyd olunub.
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan parlamentinin spikerini ABŞ Konqresində görmək arzusunu dilə gətirib.
Söhbət zamanı Abraham Hamade ABŞ-Azərbaycan əlaqələrinin əhəmiyyətinə toxunaraq, hazırda münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafını qeyd edib. O, Azərbaycanın həm coğrafi mövqeyi, həm də beynəlxalq əməkdaşlıqda oynadığı rol baxımından xüsusi əhəmiyyət kəsb edən ölkə olduğunu söyləyib.
Qonaq həmçinin regionda sülhün möhkəmləndiyini vurğulayıb və Azərbaycanla Ermənistan arasında sülhün əhəmiyyətinə toxunub.
Spiker Sahibə Qafarova söhbət zamanı Prezident Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memorandumun imzalanmasını yüksək qiymətləndirərək deyib ki, bu, ölkələr arasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlığın asanlaşdırılmasına xidmət edir.
Milli Məclisin sədri ikitərəfli əlaqələrin gücləndirilməsinə və hazırda ölkələrimiz arasında tərəfdaşlığın reallıqlarını əks etdirməyən maneələrin aradan qaldırılması istiqamətində təşəbbüs göstərən Konqres üzvlərinin fəaliyyətini yüksək qiymətləndirərək, bu çərçivədə Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinin həmmüəllifi olmasının əhəmiyyətini vurğulayıb.
O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə toxunaraq, özünün Ermənistan parlamentinin sədri ilə keçirdiyi dörd görüşü qeyd edib.
Söhbət zamanı spiker Sahibə Qafarova qonağa ölkəmizin demokratik inkişaf tarixi, Azərbaycanda mövcud olan multikultural mühit və tolerantlıq ənənələri, o cümlədən, Milli Məclisin fəaliyyəti, xarici ölkələrin parlamentləri və beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığı və digər maraq kəsb edən mövzular barədə də məlumat verib.
Görüşdə Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlərin inkişafına da toxunulub.