Fransada anomal istilər səbəbindən ölənlərin sayı 2000 nəfəri ÖTDÜ

15:38 3 İyul 2026

Fransada iyunun 22-dən 28-nə qədər davam edən anomal istilər nəticəsində 2 mindən çox insan həyatını itirib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə Agentliyi ("Santé publique France") rəsmi məlumat yayıb.

Rəsmi hesablama bazasına əsasən, sözügedən həftədə ölkə üzrə 8 973 ölüm faktı qeydə alınıb. Halbuki ondan əvvəlki həftə bu göstərici 6 948 idi. Beləliklə, cəmi 7 gün ərzində 2 025 izafi (əlavə) ölüm baş verib. Ən böyük artım 45 yaşdan yuxarı qrupda (29,7% artım) müşahidə olunub. Ölüm halları həm evlərdə, həm xəstəxanalarda, həm də qocalar evlərində kütləvi şəkildə qeydə alınıb.

Qeyd edək ki, iqlim böhranı Oksitaniya və Overn — Rona — Alp bölgələrindən başqa demək olar ki, bütün Fransanı bürüyüb.

Ən acınacaqlı vəziyyət paytaxtı da əhatə edən İl-de-Frans regionunda yaranıb — burada ölüm halları 62,8% (619 əlavə ölüm) artıb. Həmçinin Pey-de-la-Luar (62% artım) və Normandiya (53,1% artım) regionlarında da vəziyyət ağırdır.

Fransanın Səhiyyə naziri Stefani Rist bildirib ki, bu rəqəmlər hələ son deyil və artacaq. Çünki elektron qeydiyyat ölkədəki ölüm şəhadətnamələrinin cəmi 60%-ni əhatə edir. Dəqiq yekun hesabat 3 həftə sonra açıqlanacaq.

Xatırladaq ki, iyunun sonunda Qərbi Avropanı (Fransa, Almaniya, İspaniya, İtaliya və Böyük Britaniya) bürüyən anomal istilərə görə "qırmızı" təhlükə səviyyəsi elan edilib.



Xəbər xətti