"Ermənistan faktiki olaraq TRIPP layihəsinin icrasına başlayıb" - Paşinyan
"Ermənistan hökuməti artıq "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin faktiki olaraq həyata keçirilməsinə başlayıb".
Sitat.info-nun Ermənistan KİV-ə istinadən xəbərinə görə, bunu Ermənistan baş naziri Nikol Paşinyan daimi parlament komitələrinin birgə iclasında 2027-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
"Ermənistan hökuməti hələ sonrakı proseslərin təşkilindən əvvəl öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətləri üzrə layihələndirmə işlərinin sifarişinə başlayacaq. Biz vaxt itirmək istəmirik. TRIPP-in inkişafı üzrə şirkət formalaşdırılan kimi hökumət ona artıq tamamlanmış işi təhvil verəcək", - deyə Paşinyan qeyd edib.
"Şübhəsiz və birmənalı şəkildə demək olar ki, TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistan bütün istiqamətlərdə - həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində blokdan çıxacaq. Lakin bütün bu istiqamətlərdə blokdan çıxmaq heç də o demək deyil ki, bütün infrastruktur TRIPP layihəsinin bir hissəsinə çevriləcək. TRIPP layihəsinə Nrnadzor-Karçevan dəmiryolu, eləcə də elektrikötürücü xətlər və avtomobil yolu daxil olacaq. Qaz və neft boru kəmərləri məsələləri daha sonra müzakirə olunacaq", - deyə Nazirlər Kabinetinin rəhbəri deyib.