Deputatların maaşının artırılması insanlara niyə pis təsir edir? Natiq Cəfərlinin MARAQLI cavabı

16:35 21 İyun 2022

"Büdcəyə yenidən baxılması neftin qiymətinin artması və büdcədə profisitin yaranması ilə əlaqədardır. Büdcədə əlavə vəsait yaranır, bunun bölüşdürülməsi və əlavə xərclərin müəyyənləşdirilməsi artıq gündəmə gəlmişdi. Büdcə xərclərinin artırılmasının istiqamətlərinə baxanda daha çox  yenə də təmir-tikinti işlərinə, işğaldan azad olunmuş torpaqların bərpasına vəsait atırılacaq. İlin əvvəlində bu istiqamətdə 2,2 milyard manat vəsait ayrılmışdı, indi daha 600 milyon manata yaxın vəsait  ayrılması nəzərdə tutulub".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə,  digər dövlət təmir-tikinti layihələrini də götürsək,  ümumilikdə artırılan vəsaitin böyük əksəriyyəti iri layihələrə yönəldiləcək: "Sosial müdafiəyə aid olan xərclərin 299 milyon manat artırılması nəzərdə tutulur. Amma bu gözləntiləri tam qarşılamır. İnsanlarda belə bir gözlənti var idi ki, müavinətlərin, sosial xərclərin, təqaüdlərin və maaşların həcmində daha ciddi artım olacaq. Çünki inflyasiya ilin əvvəlindən çox sürətlə artır, ərzaq inflyasiyası 20 faizi keçib. İnsanların real gəlirləri kəskin azalıb. Artırılan 300 milyon manata yaxın vəsaitin haraya xərclənəcəyi ilə bağlı dəqiq məlumat olmasa da, çox güman ki, qazilərin sosial müavinətlərinin yaxşılaşdırılması ilə bağlı müəyyən qərarlar olacaq. Bəzi müavinətlər artırılacaq. Ancaq bu gözləntiləri qarşılamağa yetərli olmayacaq".

Deputatların və bəzi məmurların maaşlarının artırılmasına gəlincə, N.Cəfərli bildirdi ki, bu rəqəmsal olaraq büdcə üçün illik böyük bir yük deyil,  amma psixoloji olaraq insanlara pis təsir göstərir: “Ona görə ki, ölkədə sosial problemlərin olduğu, maaşların , təqaüdlərin çox aşağı olduğu bir şəraitdə sırf bu kateqoriyadan olan insanların maaşlarının artırılması birmənalı qarşılanmır. Bir çox ölkələrdə olduğu kimi, qanunvericilik vasitəsilə minimum əmək haqqı ilə məmur-deputat maaşları arasında bir bağlantı yaratmaq lazımdır. Skandinaviya ölkələrində belə bir təcrübə var ki, deputatların maaşı minimum əməkhaqqından 5 dəfədən artıq çox  ola bilməz. Azərbaycanda da belə bir bağlantı yaradılsa, vətəndaşlar arasında da bu normal qarşılanar. Deputatların maaşının artırılması minimum əməkhaqqının artırılmasına da səbəb ola bilərdi. Bu bağlantının qurulması daha doğru olar".

Nigar Abuzər,

SİTAT.İNFO



Xəbər xətti