Sərdar Cəlaloğlu Səlim Müslümovun yeni işindən danışdı: “Belə keçmişi olan adam gənclərə nə öyrədəcək?”

Sərdar Cəlaloğlu Səlim Müslümovun yeni işindən danışdı: “Belə keçmişi olan adam gənclərə nə öyrədəcək?”
Gündəm 29 Sentyabr 2026 15:36

Xəbər verdiyimiz kimi, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb. 

Bu haqda xəbəri Sitat.info-nun sosial şəbəkə hesablarında paylaşdıqdan sonra yüzə yaxın izləyici şərh yazaraq, Səlim Müslümova rəğbətini ifadə edib. İzləyicilər onun dövründə sosial sahənin daha yaxşı idarə olunduğunu bildirib, sabiq nazirə can sağlığı arzulayıblar. 

Qeyd edək ki, S.Müslümovun dövrü əsasən saxta əlillik pensiyalarının düzəldilməsi ilə yadda qalıb. Bəs bəzi vətəndaşların ona rəğbət bəsləməsinin səbəbi nədir? Eyni zamanda korrupsiyaya görə həbs olan bir şəxsin ali məktəbdə müəllim kimi fəaliyyət göstərməsi nə dərəcədə doğrudur?

Sitat.info-nun suallarını cavablandıran ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, S.Müslümovun zamanında əlillik pensiyasını insanlar rüşvətlə düzəldirdilər və artıq həmin sistem yoxdur: ""Əvvəla onu deyim ki, bu adam cinayətkar olub, ona görə həbs olunub. Bəzi adamların indiki dövrü Səlim Müslümovun dövrü ilə müqayisə edib onun atasına rəhmət oxumasına gəlincə,  bəli, rüşvət alıb əlillik pensiyası verirdilər. İndi rüşvət almırlar və əlillik pensiyası da vermirlər. Çünki pensiya fondu kiçilib.  Səlim Müslümovun vaxtında guya kimə pulsuz nəsə verirdilər? Hətta təqaüdə,  pensiyaya çıxmaq hüququ olanlar belə pulsuz  ala bilmirdi".

 

S.Cəlaloğlu bildirib ki, Müslümovun tələbələrə  dərs deyəcək səviyyədə savadı yoxdur: "O ki qaldı indi hardasa dərs deməyə, bu da çox qəribədir.  Səlim Müslümovun yaşı, başı və tərcümeyi-halı, bioqrafiyası əsas verirmi, o ali təhsil müəssisəsində bizim gənclərə  savad öyrətsin, tərbiyə öyrətsin? Bir adam ki, işlədiyi dövrdə korrupsiyayla , rüşvətlə məşğul olub, həbs olunub, belə bir keçmişi olan adamın ali təhsil müəssisəsində müəllim kimi işləməsi, həm də bizim təhsil sistemimizin çox ciddi böhranlı dövrünü yaşadığını sübut edir".

Aytac,

Sitat.info