Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Xəbər verdiyimiz kimi, Qara dənizin Rumıniya sahillərində “Palmali” şirkətinə məxsus gəminin dronla vurulması nəticəsində azərbaycanlı kapitan həlak olub, bir nəfər isə itkin düşüb.
Sitat.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, hücum nəticəsində həlak olan gəmi kapitanı Rüstəm Həsənov ehtiyatda olan hərbçi olub.
O, uzun müddət Hərbi Dəniz Qüvvələrində xidmət edib və polkovnik rüstbəsinədək yüksəlib. Bir müddət əvvəl ordudan təxris edilən R.Həsənov mülki sahəyə keçib və “Palmali”də gəmi kapitanı kimi işə düzəlib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, oktyabrın 5-də hücum nəticəsində gəminin kapitanı, 52 yaşlı Rüstəm Həsənov həlak olub. 24 yaşlı Məhəmməd Süleymanzadə isə itkin düşüb.
Hazırda onun axtarışları davam edir.
Şahidlər Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı yük gəmisinin dronla vurulduğunu deyiblər.
Nazirlik bildirib ki, gəmidə olan digər Azərbaycan vətəndaşları xilas edilib.
Onlardan üçü xəstəxanada müalicə alır.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumla bağlı deyib ki, qarğıdalı daşıyan, Türkiyə operatorlu mülki gəmi neytral sularda Rusiyanın dron hücumuna məruz qalıb.
Zelenski bildirib ki, gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub.
Hadisədən sonra Rumıniya rəsmiləri xilasetmə əməliyyatı keçirib.
Gəmidə olan 13 nəfərdən 11-i xilas edilib.
Xəsarət alanlardan biri də Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyevdir.