Avropa Parlamenti yaxınlığında qətl: Aİ əməkdaşları narahatdır
Sitat.info xəbər verir ki, bu barədə “Politico” Aİ həmkarlar ittifaqlarının nümayəndələrinə və şahidlərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bazar ertəsi saat 18:00 radələrində İksel kommunasında, Avropa Parlamenti, Avropa İqtisadi və Sosial Komitəsi və Avropa Regionlar Komitəsinin yaxınlığında yerləşən Rue Wiertz küçəsində bir kişi güllələnib.
Müstəntiqlər hadisənin mütəşəkkil cinayətkarlıqla əlaqəli mümkün hesablaşma ola biləcəyini araşdırırlar. Lakin bu ehtimal hələlik rəsmi təsdiqini tapmayıb.
“Ümumilikdə, mütəşəkkil cinayətkarlıq qurumlarımız üçün təhlükə yaradır, lakin bu hadisənin Aİ ilə əlaqəsi yoxdur”, – deyə Brüssel prokuroru Julien Moigny “Politico”ya bildirib.
Avropa qurumlarının əməkdaşlarını təmsil edən həmkarlar ittifaqının nümayəndəsi Kristiano Sebastiani hadisədən sonra narahatlıq ifadə edən çoxsaylı müraciətlər aldıqlarını deyib.
“Son vaxtlar tez-tez rastlaşdığımız kimi, qorxu və narahatlıq ifadə edən çoxsaylı mesajlar almışıq”, – o bildirib.
“Politico”nun məlumatına görə, Aİ əməkdaşları əvvəllər Brüsselin Şimal Məhəlləsində təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə ediblər. Həmin ərazidə Avropa qurumlarının bəzi xidmətləri də yerləşir. Ötən il isə bu məhəllədəki Aİ binalarından birinə iş saatlarından sonra təsadüfi güllə dəyib.