Avtomobil almaq istəyənlərə PİS XƏBƏR
Azərbaycanda avtomobil bazarında qiymətlərin dəyişməsi maşın almaq istəyənlərin xərclərinə birbaşa təsir edir. Son məlumatlara görə, sentyabr ayında kütləvi istifadə olunan doqquz avtomobil modelinin median elan qiyməti 1,1 faiz artıb. Eyni zamanda, satış elanlarının sayı 11,4 faiz yüksələrək 40 min 373-ə çatıb. Bazarda təkliflərin artmasına baxmayaraq, qiymətlərin də yüksəlməsi alıcılar üçün suallar yaradır.
Bəs avtomobil elanlarının sayı artdığı halda qiymətlər niyə ucuzlaşmır? “İkinci əl” avtomobillərin bahalaşmasına hansı amillər təsir edir? Maşın almaq istəyənlər üçün hazırkı vəziyyətdə gözləmək, yoxsa alış etmək daha məqsədəuyğundur?

Sita.info-nun məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan avtomobil bazarında satılan maşınların qiymətləndirilməsinə təsir edən bir neçə əsas amil var: “Bunlardan birincisi avtomobilin istehsal olunduğu ölkə və həmin ölkənin yerləşdiyi regiondur. İkinci amil isə avtomobilin qeydiyyatı ilə bağlı prosedurlardır. Buraya rüsumlar, sığorta, qeydiyyata alınma üçün ödənilən vəsait, gömrük rüsumları və digər xərclər daxildir. Bütün bunlar avtomobilin son satış qiymətinə təsir göstərir”.
Ekspertin sözlərinə görə, digər mühüm amil avtomobillərin aid olduğu kateqoriya və bazarda necə mövqeləndirilməsidir: “Ölkəyə gətirilən avtomobillər modelindən və texniki xüsusiyyətlərindən asılı olaraq müxtəlif qiymət kateqoriyalarına aid edilir. Məsələn, Avropadan gətirilən avtomobillərin alış qiymətləri və istehsal müddətləri ilə bağlı göstəricilər nisbətən sabit qala bilər. Bu da həmin avtomobillərin qiymətlərinin kəskin dəyişməməsinə səbəb olur”.
Aslan Əsədov qeyd edib ki, Çin və digər Asiya ölkələrindən gətirilən avtomobillərdə vəziyyət fərqli ola bilər: “Bu maşınların qiymətlərinə bazardakı vəziyyətlə yanaşı, reklamın təsiri, məhsulun necə təqdim olunması, eləcə də reklam və əks-reklam amilləri təsir göstərə bilər. Yəni avtomobilin qiymətinin formalaşmasında təkcə onun texniki xüsusiyyətləri deyil, bazarda hansı şəkildə tanıdılması və alıcılara təqdim olunması da rol oynayır”.
Ekspert daha müasir avtomobillər, o cümlədən hibrid modellər barədə danışarkən onların qiymətlərinin də müəyyən amillərdən asılı olduğunu vurğulayıb. Onun fikrincə, burada avtomobilin ilkin alış qiyməti, istehsal olunduğu ölkədəki dəyəri və gömrük rüsumları əsas rol oynayır: “Başqa sözlə, avtomobilin Azərbaycana gətirilməsinə qədərki qiyməti və ölkəyə idxal zamanı yaranan xərclər son satış qiymətinə birbaşa təsir edir”.
Aslan Əsədova görə, avtomobil bazarında elanların sayının artması özlüyündə qiymətlərin aşağı düşəcəyini göstərmir: “Əgər gömrük rüsumları və avtomobilin ilkin alış qiyməti dəyişmirsə, bazarda təkliflərin çoxalması qiymətlərin azalmasına gətirib çıxarmaya bilər. Ekspert nümunə olaraq bildirib ki, avtomobilin qiyməti 25-30 min manat aralığında formalaşırsa, həmin məbləğin dəyişməsi bazara təsir edən digər amillərdən asılı olacaq. Bu amillər dəyişmədikdə qiymət əvvəlki səviyyədə qala, dəyişiklik baş verdikdə isə aşağı və ya yuxarı istiqamətdə hərəkət edə bilər”.
Ekspert əlavə edib ki, Azərbaycanda avtomobillərin qiymətinin formalaşması məhz bu baza prinsipləri əsasında baş verir: “Buna görə də bazarda satış elanlarının sayının artmasını avtomobillərin mütləq ucuzlaşacağı kimi qiymətləndirmək düzgün olmaz. Qiymətlərin dəyişməsi avtomobilin mənşə ölkəsi, ilkin dəyəri, gömrük və qeydiyyat xərcləri, eləcə də bazar amilləri ilə bağlıdır”.