POS-terminallarla bağlı qanuna dəyişiklik təklif olunur

POS-terminallarla bağlı qanuna dəyişiklik təklif olunur
SOSİAL 20 Oktyabr 2026 11:09
Azərbaycanda POS-terminal anlayışının müasir ödəniş imkanlarına uyğunlaşdırılması təklif edilir.

Sitat.info xəbər verir ki bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gündəliyə daxil edilib.

“Elektron ticarət haqqında” Qanuna dəyişiklik layihəsində POS-terminalın yalnız ödəniş kartları vasitəsilə əməliyyatların aparılması və nağd pulun əldə edilməsi üçün nəzərdə tutulan avadanlıq kimi deyil, daha geniş funksiyaları əhatə edən vasitə kimi müəyyənləşdirilməsi nəzərdə tutulur.

Təklif olunan redaksiyaya əsasən, POS-terminal nağdsız ödənişlərin, o cümlədən təmassız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır. Anlayışa lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihazlar da daxil edilir.

Bu cihazlara mobil operatorların telekommunikasiya şəbəkələrində xidmət alan və ya xidmət almağa yararlı olan telefon aparatları və digər son avadanlıqlar aid edilir.

Dəyişiklik POS-terminal anlayışının mövcud texnoloji imkanlara uyğunlaşdırılmasını hədəfləyir.