Allahşükür Paşazadə: Azərbaycan dinlərarası dialoq və əməkdaşlıq mərkəzi kimi tanınır
Sitat.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı paneldə belə deyib.
"Azərbaycan müstəqil dövlət kimi sivilizasiyalararası dialoqun inkişafına töhfə verir, beynəlxalq nüfuzunu möhkəmləndirir, bəşəri dəyərlərə xüsusi diqqət və qayğı göstərir",- deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdə məscidlər və digər dini-mədəni abidələr bərpa olunur, tarixi irsimizin qorunması istiqamətində işlər görülür:
"Alban məbədlərinin bərpası da Azərbaycan xalqının milli-mənəvi dəyərlərə bağlılığının, dini irsə hörmətinin və multikultural ənənələrinin göstəricisidir.
Bu yanaşma Azərbaycanın dini müxtəlifliyi milli sərvət kimi dəyərləndirən tolerantlıq siyasətinin təzahürüdür. Azərbaycan Qarabağın işğaldan azad edilməsindən sonra da sivilizasiyalararası dialoqun inkişafına, dini-mənəvi dəyərlərin qorunmasına və dinlərarası əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Ölkəmiz beynəlxalq dialoq platformalarında fəal iştirak edir".