Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı

Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
SİYASƏT 27 Oktyabr 2026 19:37
MHP sədri Dövlət Bağçalı Azərbaycan-Türkiyə qardaşlığının siyasi və diplomatik məsələlərdən daha dərin olduğunu bildirib.

Sitat.info xəbər verir ki, o, Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə yazılı açıqlama verib.

Dövlət Bağçalı Azərbaycan və Türkiyə arasındakı qardaşlığın iki xalqın iradəsi ilə gücləndiyini, ortaq mübarizə nəticəsində möhkəmləndiyini və nəsillər boyu yaşadıldığını qeyd edib: “Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər köklü, siyasi və diplomatik məsələlərin fövqündə tarixi mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız iki millətin iradəsi ilə güclənmiş, ortaq mübarizələrlə möhkəmlənmiş və nəsillər boyu yaşadılmışdır”.

Bağçalı bildirib ki, eyni həssaslıq Türk dünyasının bütün qardaş dövlətləri üçün də keçərlidir: “Heç bir anlaşılmazlığın böyüdülməsinə, heç bir fikir ayrılığının daimi parçalanmaya çevrilməsinə, heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan verilməməlidir.

    Qardaşlıq hüququ qarşılıqlı hörmət və ortaq gələcəyə inamla qorunur.

    Bu səbəbdən Türk dünyasının hər bir üzvünün vəzifəsi tarixi yaxınlığımızı gündəlik mübahisələrdən üstün tutmaq, fərqliliklərimizi ayrılıq səbəbinə çevirməmək və gələcəyimizi zəiflədəcək addımlardan uzaq durmaqdır.

    Unudulmamalıdır ki, Türk dünyasının gücü bir-birimizə duyduğumuz etimadda, müstəqilliyimizə göstərdiyimiz hörmətdə, mədəni dərinliyimizdə və ortaq hədəflərimiz ətrafında nümayiş etdirdiyimiz iradədə gizlidir”.

    MHP sədri Türk dünyasının gücünün qarşılıqlı etimadda, müstəqilliyə hörmətdə, mədəni zənginlikdə və ortaq məqsədlər ətrafında birliyin qorunmasında olduğunu bildirib.