Ramil Həsən AK Parti sədrinin birinci müavini ilə görüşdü

Ramil Həsən AK Parti sədrinin birinci müavini ilə görüşdü
SİYASƏT 27 Oktyabr 2026 12:52

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Efkan Ala ilə görüşüb.

Bu barədə Sitat.info-ya Milli Məclisdən məlumat verilib.

Görüşdə, həmçinin AK Partinin xarici əlaqələr üzrə sədr müavini Zafer Sırakaya iştirak edib.

Görüş zamanı TÜRKPA-nın Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş 15-ci plenar iclası və Assambleya Şurasının iclası çərçivəsində qəbul edilmiş qərarlar, eləcə də qardaş ölkələr arasında münasibətlərin yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin iki qüdrətli lider İlham Əliyev və Recep Tayyip Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan və Türkiyənin müstəqil daxili və xarici siyasət yürüdən qüdrətli dövlətlər kimi beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsinin və Türk dünyasının birliyinə töhfə verməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Öz növbəsində, TÜRKPA-nın Baş katibi Ramil Həsən səmimi qəbula görə Efkan Alaya və Zafer Sırakayaya təşəkkürünü bildirib. O, müstəqil və qüdrətli türk dövlətlərinin beynəlxalq müstəvidə mövcudluğunun və həmrəyliyinin Türk dünyasının vahid və güclü birlik kimi çıxış etməsinə mühüm töhfə verdiyini qeyd edib.

Baş katib, xüsusilə, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin, müstəqil siyasi xəttin davam etdirilməsinin və ortaq maraqların uzlaşdırılmasının hər iki dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin Azərbaycan və Türkiyənin digər qardaş Türk dövlətləri üçün ilham mənbəyi və aparıcı qüvvə rolunu oynadığını xüsusi qeyd edib.

Efkan Ala, iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyası adından Azərbaycan ilə Türkiyə arasındakı qardaş münasibətlərin daha da inkişaf etdirilməsinə bundan sonra da əllərindən gələn bütün dəstəyi göstərəcəklərini bildirib. O, TÜRKPA-nın fəaliyyətinə və Baş katibin işlərinə uğurlar arzulayıb.