İnsanlar psixoloji böhran yaşayır: Artan depressiya və gərginliyin SƏBƏBLƏRİ...

17:08 29 İyun 2022

"Bu gün insanlar arasında stress, gərginlik, depressiya, əhval-ruhiyyənin tez-tez dəyişməsi halları çox müşahidə olunur. Düzdür bu əvvəl də var idi, amma intensivlik indiki qədər deyildi".

Bu sözləri Sitat.info-ya açıqlamasında psixoloq Elnur Rüstəmov səsləndirib.

Onun sözlərinə görə, səbəblər arasında pandemiyanın təsirləri mühüm yer tutur: "Buraya pandemiya da təsir göstərdi. Pandemiya dövründə yeni ünsiyyət modeli yarandı. Sosial məsafənin qorunması, masadan istifadə, gigiyena tədbirləri, iş yerlərində məhdudiyyətlər, insanların karantin şəraitində yaşadıqdan sonra normal həyata adaptasiya buna öz təsirini göstərdi. Postpandemiya dövründə internet həyatımızın daha vacib tərkib hissəsinə çevrildi. Bütün yaş qruplarından olan insanların internetə çıxışı, informasiya sürətli çıxışı, yuxu sisteminin pozulması, əhval-ruhiyyənin pozulması, bir qism insanlarda qidalanma pozuntusunun yaranması, şəxslərarası münasibətlərin konfliktə çevrilməsi, ailədaxili konfliktlər hamısı insana təsir göstərir".

Ekspert bildirdi ki, burada həm birbaşa, həm də dolayı təsirdən söhbət gedir: "Birbaşa təsirə konflikti yaşayan insan məruz qalır. Dolayı təsirə isə ətrafındakı insanlar. Məsələn ər- arvad arasında konflikdən söhbət gedirsə burada uşaqlar və ətrafdakı doğmalar, yaxınlar əziyyət çəkir. Bu cür hadisələr iş mühitinə də təsir göstərir. Bütün bunlara psixologiyada əhval pozuntusu deyirlər. Son nəticədə depressiyaya, emosiyaların tez-tez dəyişməsinə gətirib çıxarır".

E.Rüstəmov vurğuladı ki, bir çox psixoloji narahatlıqlar, gərginliklər, xüsusən aqressiya ilə özünü göstərir: "Bunun fonunda intihar da baş verir, boşanmalar da olur, zorakılıq halları da olur. Görünən odur ki, psixologiya cəmiyyətin ictimai praktikasına çevrilməlidir. Psixoloji maarifləndirmə, psixoprofilaktik işlər bütün yaş qrupları ilə aparılmalıdır. Təhsil sistemində psixo-profilaktik iş aparılmalıdır. Cəmiyyətin bütün istiqamətlərindən bu kompleks şəkildə həyata keçirilməlidir. Xüsusən emosiyaların idarə edilməsi ilə bağlı profilaktik tədbirlər görmək lazımdır. İnsanlarda gərginlik, narahatlıq var. Səbəblər müxtəlifdir, amma ümumən mütəxəssislər bunu ifrat informasiya və sürətlə əlaqələndirirlər İnsanlar bu informasiya ilə ayaqlaşa bilmirlər, həyatlarında baş verən dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkirlər. Çünki dəyişikliklər çox sürətli baş verir. Nəticədə insan böhran yaşayır".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti