"Ermənistanın işğalçılıq siyasəti nəticəsində vurulan maddi ziyana görə Azərbaycana təzminat ödənişi məsələsi əsaslı olaraq müzakirəyə çıxarılmalıdır".
Sitat.info xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.
O, Ermənistanın törətdiyi dağıntıları qiymətləndirib: “Qarabağda az qala hər şeyin ucdantutma məhv edildiyi nəzərə alınsa, ödəniləcək təzminatın 100 milyard dollar həcmində olacağı şübhə doğurmur. Sözsüz ki, Qərb ölkələrindəki erməni lobbisi də, erməni diasporu da bu məsələnin baş tutmaması üçün yerli hökumətlərə hərtərəfli təzyiqlər göstərəcək”.
Rusiyalı ekspertin fikrincə, Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi dağıntılara görə Azərbaycana təzminat ödəməsi istiqamətində beynəlxalq hüquq çərçivəsində məsələ qaldırılmalı, əsaslandırılmalı, həll edilməsi üçün beynəlxalq birliklə birgə addımlar atılmalıdır: “Bu məsələni qaldırmaq, beynəlxalq qurumların müvafiq qərarlar vermələrinə nail olmaq üçün Azərbaycan Xarici İşlər Nazirliyi, aidiyyəti qurumlar lazımi çalışmalar aparmalıdır”.