“O zaman Ramiz Mehdiyev Heydər Əliyevin yerinə keçmək istəyirdi. Kremldə kök salan erməni lobbisi Ramiz Mehdiyevi müdafiə edirdi”
SİTAT.İNFO xəbər verir ki, bu sözləri deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Reaksiya TV-nin efirində söyləyib.
Deputat bildirib ki, o zaman Ramiz Mehdiyev Azərbaycanda müxalifətlə iş quraraq, Heydər Əliyev haqqında xoşagəlməz yazıları bəzi müxalifət qəzetlərinə ötürürdü:
"Mənə bu barədə müxalifət qəzetlərində işləyən dostlarımız məlumat verdilər ki, Ramiz Mehdiyevin yaxın adamları müxalifətlə danışıq aparır ki, Heydər Əliyevin vəziyyəti yaxşı deyil, bu gün- sabah hakimiyyətdən gedəcək. Fors major vəziyyəti yaranacaq və beləliklə Ramiz Mehdiyevə hakimiyyət keçəcək. Çünki iqtidarda Mehdiyevi güclü, qabiliyyətli, (əslində çox qabiliyyətsiz) kimi təqdim edərək təbliğ edirdilər. Bu informasiya mənə çatdı.
O zaman Mehdiyevin adamları ulu öndərin yanında tərcüməçi işləyən Rauf Əliyev və hazırda Qaradağ rayonunda YAP-ın sədri olan Qafar Əliyev idi. Bu şəxslər müxalifətlə danışıqlar aparırdılar ki, Ramiz Mehdiyev hakimiyyətə gəlir. Hakimiyyətə gəldiyi təqdirdə isə onlara vəzifə vədi verib. Mən heç kimə məsləhətləşmədən riskli addım atdım. “Neytral” qəzetində Vəfa Allahvediyeva ilə danışdım ki, Vəfa xanım mən ciddi bir məsələnin üstünü açmaq istəyirəm. 2001-ci ildə bu məsələ ilə bağlı müsahibə verdim, bu məsələnin üstünü açdım. Bu dediklərimə görə mənə təzyiqlər də oldu".
Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
SİTAT.İNFO