Azərbaycan neftdən başqa ən çox hansı məhsullardan qazanır? ŞƏRH

13:42 15 Fevral 2022

Ölkəmizdə rəqabət qabiliyyətli məhsul istehsalının genişlənməsi qeyri-neft ixracına müsbət təsir edir. SİTAT.İNFO xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün rəsmi twitter səhifəsində məlumat verib.

Nazir qeyd edib ki, 2021-ci ildə qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 47.2% artıb və bu, ən yüksək tarixi göstəricidir. 

Bəs görəsən, qeyri-neft məhsullarının ixracı ən çox hansı məhsulların hesabına artıb?

SİTAT.İNFO-nun sualını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov  bildirdi ki, bəzi xammal məhsulları üzrə real artım qeydə alınıb: "2021-ci ildə pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb". 


İqtisadçı vurğulayıb ki, artım əsasən pambıqda, xurmada, ilkin formalı polipropilen, karbamiddə, polietilendə və metanolda qeydə alınıb: "Burada polipropilen, karbamid, polietilen və metanol karbohidrogen mənşəli məhsullardır. Daha yaxşı olar ki, ixrac elmtutumlu məhsullar üzrə müşahidə edilsin. Çünki, bu zaman yaradılan əlavə dəyər daha yüksək olur ki, onun da iqtisadiyyata multiplikativ təsiri yüksəkdir və həmçinin daha geniş kütlələrin, sahibkarlar qrupunun yararlanmasına və gəlirlərin dağılımına şərait yaradır. Ancaq heç olmamaqdansa karbohidrogen mənşəli məhsulların ixracı daha yaxşıdır. Bu zaman ölkənin təbii resurslarını daha səmərəli idarə etmək olur. Məşğulluq imkanı yaranır və ölkə gəlirləri artır. Görünən odur ki, hazırda bizdə üfüqi şaxələndirmədən çox şaquli yəni (resursa bağlı) çaxələnmə daha üstün mövqedədir". 

SİTAT.İNFO



Xəbər xətti