Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.
Sitat.info Lent.az-a istinadən xəbər verir ki, E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub.
Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. iddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş.
Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.
Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var.
Belə ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb.
***
Ötən gün AMEA prezidenti Ramiz Mehdiyevin köməkçisi, AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun saxlanılması barədə xəbər vermişdik.
Eldar Əmirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
SİTAT.İNFO xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a faktı təsdiqləyib.
O bildirib ki, idarəyə Eldar Əmirov barəsində şikayət daxil olub və o, araşdırma məqsədi ilə saxlanılıb.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızının oğludur.