Ramiz Mehdiyevin köməkçisi polisə müqavimət göstəribmiş

18:16 15 Fevral 2022

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov polisə müqavimətdə ittiham olunub.

APA-nın xəbərinə görə, E. Əmirov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib.

Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E.Əmirov 30 sutka həbs edilib.

Qeyd edək ki, Eldar Qurban oğlu Əmirov Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə Ramiz Mehdiyevin köməkçisi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub. 

Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. İddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş. 

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var.



Xəbər xətti