ABŞ-ın dediyi “hücum günü” gəldi: Qərb – ABŞ və Böyük Britaniya həm siyasi, həm də media üzərindən bu gün “nəsə baş verəcəyin”dən bəhs edir.
- Britaniyanın baş naziri Boris Conson Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə telefon söhbətində “dünyanın yaxın saatlarda ayıq olmasını” müzakirə ediblər;
- Bayden “bütün ssenarilərə hazır olduqlarını” bəyan edib: “NATO torpaqlarını qoruyacağıq” deyir, lakin bu, Ukraynaya aid deyil; ABŞ prezidenti əvvəlki mövqeyində qalır, “Rusiya Ukraynanı işğal edərsə, uzunmüddətli sanksiyalarla qarşılıq verəcəyik” deyir;
Vaşinqton bununla “işğal günün”dən öncə Rusiyaya “sonuncu xəbərdarlığını” edir, lakin həm də beynəlxalq ictimaiyyətdə 16 fevral ssenarisinə inamı gücləndirir.
Qərb mediası da “16 fevral işğal günü” versiyasının doğruluğunu təsdiqləməyə çalışır.
ABŞ-ın texnologiya şirkəti “Maxar” Rusiya-Ukrayna sərhədindən yeni peyk görüntülər yayıb: iddialara görə, Rusiya ordusu təlim bölgəsindən cəbhəyə doğru irəliləyir;
Britaniyanın “Sun” qəzeti Rusiyanın bu gün sübh vaxtı – saat 05:00-da (Bakı vaxtı ilə) hücuma keçəcəyini yazır;
Zelenski 16 fevral tarixini Milli Birlik günü elan etdi və bu, Rusiya təhlükəsinə qarşı həmrəylik nümayişi olmaqla yanaşı, Qərbdə “hücum günü” ilə bağlı yaradılan təşvişə qarşı da gedişdir: rəsmi Kiyev müharibə haqda informasiya axınının səbəb olduğu iqtisadi itkiləri mümkün qədər azaltmağa çalışır;
Rusiya israrla hücum etməyəcəyini desə də, dünyanı inandıra bilmir.
16 fevralda nə baş verə bilər?
Rusiyanın genişmiqyaslı hücuma keçməsi ağılsızlıq olardı və Moskvanın təkcə mövqeyi yox, diplomatik gedişləri də buna getməyəcəyini deməyə əsas verir, ən azından 16 fevral tarixində yox (sonrakı dövrdə belə ehtimal azdır). Heç nəyin baş verməməsi Rusiyanı haqlı, ABŞ-ı haqsız çıxara bilər və bu, həm də etibarlılıq məsələsi baxımından əhəmiyyətlidir. Bu situasiya fonunda bu gün nələrinsə baş verəcəyi gözləntisi artır, lakin baş verəcəklərin kimin tərəfindən edilməsini müəyyənləşdirmək də çətin olacaq.
Artıq Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytına kiberhücumların olduğu haqda məlumatlar var və bu, “hücumun başlanğıcı” kimi dəyərləndirilir.