“İnterpola verdiyimiz Araik Moskvaya gedir, səfirimiz isə utanmaz-utanmaz...” Üzeyir Cəfərov üsyan püskürdü 

12:20 16 Fevral 2022

Ötən gün bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun vediyi açıqlama əsasında xəbər yazmışdıq ki, özünü qondarma respublikanın rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin olunacaq. Lakin ekspertlər bu məlumatın reallığa söykənmədiyini bildirirlər. 

SİTAT.İNFO-ya açıqlama verən, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, ötən gün baş Prokurorluğun istintaq idarəsinin verdiyi açıqlama onu çox təəccübləndirib: " 1988-ci il Sumqayıt hadisələrinə toxunan istintaq idarəsinin rəisi deyir ki, əməliyyat-istintaq tədbirləri davam edir. 
Mən anlamadım ki, bu əməliyyat tədbirləri neçə il davam etməlidir ki, hansısa Qriqoriyanı tutub məsuliyyətə cəlb etsinlər. O cümlədən Araik Artunyanla bağlı səslənən fikirlər də məni çox əsəbləşdirdi. 
Bu həmin Araik Artunyandır ki, ötən həftə Moskvada olmuşdu və Azərbaycanın Rusiyadakı səfirliyi də utanmaz-utanmaz bəyanat verir ki, Artunyan rəsmilərlə deyil  öz soydaşları ilə görüşmək üçün gəlib". 
Ü.Cəfərov axtarışda olan Araikin sərbəst xarixi səfərlərə getməsini də nonsens adlandırdı: "Mən Baş Prokurorluğa sual verirəm ki, bu necə İnterpola verilmiş axtarışdır ki, bu adam rahat şəkildə Qarabağdan Ermənistanda, Ermənistandan isə Moskvaya gedir. Onu heç kim saxlayıb məsuliyyətə cəlb etmir.  
Artıq mən inanmıram, bu yalanlara son qoyulmasını tələb edirəm. Bunun başqa adı yoxdur. 1988-ci ilin Sumqayıt hadisələrinə görə, 1990-cı il hadisələrinə görə, 20 Yanvar, Xocalı və digər faciələrə görə axtarışa verilən adamlardan bir nəfəri də məsuliyyətə cəlb olunmayıb".

Hərbi ekspert hesab edir ki, Rusiya özünün yaratdığı separatçı liderlərin həbsinə imkan verməz: "Ona görə xahiş və tələb edərdim ki, bir qədər diqqətli olsunlar. Rusiya heç vaxt imkan verməz ki, onun “marionetkası” olan Araik Artunyan, Donbasdakı Puşilin və digərləri kiminsə tərəfindən həbs olunsun. Onlar hələ uzun müddət Rusiyaya lazımdır ki, çirkin niyyətlərini həyata keçirsinlər. Ona görə də, Araikin sülhməramlıların nəzarəti altında olan ərazilərdə çox təxribatlar törədəcəyinə qəti əminəm. Nə qədər ki, David Babayan, balasanyan, Artunyan zərərsizləşdirilməyib, hələ bizim başımız çox ağrıyacaq".

SİTAT.İNFO 



Xəbər xətti