Hindistanın Ermənistan planın arxasında nə dayanır ? Hindistan bununla nəyə nail olmaq istəyir? Hazırda bu suallar hər kəsi düşünürür.
Bildiyimiz kimi, məşhur The Economic Times” nəşri Hindistanın Ermənistana 270 milyon dollar dəyərində silah-sursat göndərəcəyi haqqında xəbər verib. Əslində bu Hindistanın Ermənistana olan ilk yardımı deyil.
Ümumiyyətlə Azərbaycan-Ermənistan məsələsində Hindistan hər zaman Ermənistanın tərəfinə öz dəstəyini ifadə edib. Bu hal Azərbaycanın xarici siyasətinin hər hansı bir nöqsanı ilə əlaqəli deyil.
Məsələ daha çox Azərbaycanın Pakistana olan münasibəti ilə bağlıdır. Hər kəsə məlumdur ki, Ermənistan Hindistanın Pakistanla onillərdir davam edən ərazi mübahisəsində Nyu Dehlinin mövqeyindən çıxış edir. Hansı ki, Ermənistan Cammu və Kəşmir məsələsində Hindistanın xeyrinə olan bəyanatlarla çıxış edir. Çünki Pakistann tərəfi heç vaxt Ermənistanla diplomatik əlaqələr qurmayıb. Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olub. Eyni zamanda Pakistan 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanın müstəqilliyini tanımayıb. Hindistanın Ermənistana olan dəstəyi yalnız silah göndərməklə və ya onların xeyrinə açıqlama verməklə məhdudlaşmır.
Eyni zamanda regionda reallaşacaq böyük layihələrdə öz yerini tutmaq istəyir.
Hindistan tərəfi düşünür ki, bizim regionumuza və dolayısı ilə Orta Asiyaya nəzarət uğurunda Türkiyə, Çin və Rusiya arasında davam edən rəqabət, bu güclərin bölgədəki hərbi və iqtisadi mövcudluğu Hindistanın infrastruktur layihələrinin şimala doğru genişlənməsinə mane olacaq.
Ona görə də Türkiyə-Azərbaycan birlikdə hərəkət etməsi, Zəngəzur dəhlizi və oradan da Orta Asiyaya doğru irəliləməsinin qarşısını almaq üçün Ermənistana kömək etmək Hindistanın maraqlarına uyğundur.
Hindistan və Ermənistan Türkiyə-Azərbaycan-Pakistan üçlüyünün ortaq addımları qarşısında öz iqtisadi, hərbi gücünü ortaya qoymaqla bu regionda mən də varam demək istəyir. Bunun üçün Ermənistanın Türkiyə, Azərbaycan, Gürcüstan və İran arasında olan geostrateji mövqeyindən istifadə etmək niyyətindədir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin İranla həmsərhəd olan yeganə üzvüdür. Hindistan Avrasiya və İranla sıx əlaqələr qurmaq istəyi onun Ermenistanla yaxınlaşmaq istəyi üçün əsas amillərdəndir.
Xatırlayırsınızsa, bir müddət öncə Hindistanın İrandakı səfiri demişdiki, Yeni Dehlinin Şimal-Cənub magistral dəhlizi çərçivəsində İranın cənub-şərqindəki Çabahar limanı ilə Hind okeanını Avrasiya və Helsinkiyə birləşdirən yol əvvəlki kimi Azərbaycandan yox, Ermənistandan keçməlidir. Bu layihə reallaşarsa, Ermənistanın xeyrinə ciddi dəyişikliklər gətirə bilər və bu ssenari Ermənistanla ortaq maraqları olan İran üçün də strateji əhəmiyyət kəsb edir.
Bir sözlə hazırda dünyada böyük güclərin maraqları və hədəfləri yenidən formalaşmaqdadır. Hazırda bütün dünyanın diqqəti bizim regionumuza cəmlənib. Bunun əsas səbəbi Zəngəzur dəhlizi məsələsi ilə əlaqədardır. Görünən odur ki, Azərbaycan bu lahiyəni uğurlu şəkildə həyata keçirəcəyi təqdirdə özü və müttəfiq olduğu ölkələrin xeyrinə ciddi qazanımları olacaq. Bu hal da təbii ki, dostumuz olmayan ölkələrin narahatlığına səbəb olur. Azərbaycan bu mövqeyini qətiyyətlə davam etdirməlidir.
Rəhimə Əhmədzadə
Ağ Partiya sədrinin müavini, siyasi şərhçi
SİTAT.İNFO