"Manyaklar, psixopatlar, qadın düşkünləri..." - Ekspert həyəcan təbili çaldı

13:58 3 Oktyabr 2022

"Prius"larla bağlı problem artıq qabarıq şəkildə göz önündədir. Düşünmürəm k,i bu problem  həlledilməzdir. Hər bir məsələnin həlli imkanı var. Bunun üçün sadəcə möhkəm iradə lazımdır. Burada çox böyük bir problem yoxdur. Hər kəs öz istədiyi avtomobili sürə bilər, amma qaydalar çərçivəsində. Sərt qaydada bu məsələni tənzimləmək lazımdır. Müxtəlif ölkələrin təcrübələrinə nəzər salmaq lazımdır. Onlardan istifadə etmək lazımdır".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında son vaxtlar artan taksi qəzalarına diqqət çəkən nəqliyyat eksperti Elməddin Muradlı deyib. 

Onun sözlərinə görə, bu problemin səbəblərindən biri də ictimai nəqliyyatın bərbad vəziyyətdə olması və taksiyə tələbatın artmasıdır: "Məsələn, Fransanın paytaxtı olan Paris şəhərində cəmi 1500 lisenziyalı taksi fəaliyyət göstərir. Bilirik ki, Paris böyük və turizm şəhəridir. Və bu qədər taksinin az olduğunu düşünürük. Amma orda bütün ictimai nəqliyyat vasitələri də fəaliyyət göstərir. Tramvaylar, avtobuslar, geniş şəkildə inkişaf etmiş metro şəbəkəsi,  hətta artıq elektrikli avtobuslardan istifadə edirlər. Bunların fonunda əlbəttə, biz ictimai nəqliyyat sistemini sahmana salsaq, bu qədər taksiyə tələbat olmaz. Avtobuslar dəqiq saatla işləsə, heç kəs 40 qəpiklik yolu 1 azn-ə getməz. Amma indi məcburdular. Hətta BNA agentliyinin həmin lisenziyasız taksi sürücülərinə təşəkkür borcu var ki, bizim yarıtmadığımız işi siz yarıdırsınız və çox sağ olun. Bunu onlara açıq şəkildə deməlidirlər.

Ancaq bu gün məcburiyyətdən o sürücülər işə çıxır, avtobus tapa bilməyən vətəndaş da məcburdur ki, taksidən istifadə etsin. Taksi sürücüsü işi bilsə də, bilməsə də çıxır xətdə və işləməyə başlıyır. Bu gün daşıyıcı şirkətlər mövzusu bir problemdir, taksi mövzusu tamam başqa problemdir".

Nəqliyyat eksperti vurğuladı ki, BNA agentliyi tənzimləyici qorum olaraq heç bir iş görə bilmədi: "Artıq cənab prezidentin sərəncamı var, taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı ciddi iş gedir. Mən bu yaxında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən öyrəndim ki, bu sahədə çox ciddi addımlar atılacaq. Biz bundan sonra bu sahədə müəyyən bir irəliləyişin olmasını gözləyirik. İlk növbədə taksi fəaliyyətində taksi sürcüsü kimdi sualının cavabı tapılmalıdır. Sonra bu sahədə yeniliklər tətbiq olunmalıdır. Yeniliklər budur ki, takssimetrlər quraşdırılmalıdır. Qiymət müəyyənləşdirilməlidir. Sürücülərə nəzarət mexanizmi olmalıdır".

E.Muradlının fikrincə, sürücülərin sağlamlıq vəziyyətinə mütləq nəzarət etmək lazımdır: " Manyaklar, psixopatlar, qadın düşkünləri, narkomanlar, oğurluğa, cinayətə meylli olanlar hamısı taksi sürücüsü olub. Əksəriyyətinin insanları dinləməyə belə səbri çatmır. Ancaq bəziləri də iş stresindən bu haldadır. Çünki "Bolt" və "Uber" şirkətləri, yeni yaranan bəzi şirkətlər hamısı öz məqsədlərini güdür və qrafiki elə qurublar ki, sürücülər 14-15 saat işləməli olurlar. Deyirlər ki, 25 gediş eləsən bu qədər bonus alacaqsan. O da qazanc əldə edə bilmir və ümidi 25 gedişdən sonra əldə edəcəyi bonusadır. 25 gediş bir gün ərzində çox çətindir və gərək bütün sürücülər pik saatlarda işləsin".

Ekspert hesab edir ki, problemin səbəblərindən biri də taksilərin sayının hədsiz çox olmasıdır: "Bakı şəhərində bu gün 60 minə yaxın taksi fəaliyyət göstərir . Bunların hamısı pik saatlarda xəttə çıxanda aləm bir-birinə dəyir. Tıxac, sıxlıq və sair. Bu məsələlər bir-biri ilə zəncirvari şəkildə bağlıdır. BNA bu işlərlə ciddi şəkildə məşğul olmalıdır. Çıxıb boş-boş bəyanatlar verməməlidirlər, Avropa , Amerika təcrübəsindən danışmamalıdırlar. Axı sən heç vaxt Amerika ola bilməyəcəksən. Orada heç kim yol kənarında aptek açmır, dönərxana tikmir. Bizdə buna icra başçıları sərəncam  verir və qanuni don geyindirə bilir. Axı başqa şəhərlərdə bu yoxdur. Biz müsbət təcrübələri mövcud reallıqlara uyğunlaşdırmalıyıq, başqa yolumuz yoxdur". 

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti