"Manatın sabit qaldığı vaxtda, bu qədər bahalaşma ola bilməz" - Arzuxan Əlizadə

14:26 5 Oktyabr 2022

"Ölkədə təkcə marketlərdə deyil, bütövlükdə istehlak bazarında müxtəlif sahələr üzrə qiymət artımı ilə günü gündən rastlaşırıq və bu bütövlükdə Azərbaycan cəmiyyətini, əhalisini, hər birimizi narahat edən amilə çevrilib. Kommunal xidmətlərin qiymətləri bir müddət bundan əvvəl qalxıb, yanacağın qiyməti qalxıb və bu fonda təbii ki, ərzaq məhsullarının, dərman və digər istehlak məhsullarının, əhalinin daha çox gündəlik tələbat məhsullarının günü gündən qiymətlərinin pərakəndə şəkildə nəzarətdən kənar artması hər birimizi narahat eləməlidir. İlk əvvəl onu deyim ki, Azərbaycanda istehlak bazarında qiymət artımının heç bir obyektiv əsası yoxdur. Bu daha çox subyektiv amillərlə əlaqələndirilə bilər".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. 

O, hesab edir  ki, hazırki dönəmdə sahibkarlar mövcud yaranmış vəziyyətdən, cəzasızlıqdan, nəzarətsizlikdən sui-istifadə edərək günü gündən qiymətləri qaldırmaqla məşğuldurlar: "Diqqət eləsək görərik ki, Azərbaycan manatı dollara nisbətdə, digər valyutalara nisbətdə dəyişməyib. Həmçinin ölkədə son bir neçə ildə manatın devalvasiyası da baş verməyib.  Ölkədə  qıtlıq yoxdur,  müxtəlif ərzaq, dərman və digər məhsullarda qıtlıq yoxdur. Yəni tələb təklifi üstələmir. Belə bir vəziyyətdə təbii ki, qiymət artımı yalnız möhtəkirlərin, sahibkarların vəziyyətdən sui-istifadə edərək qiymətləri süni şəkildə qaldırması nəticəsində ortaya çıxır və bu narahatlığa səbəb olur. Təbii ki, ilk növbədə dövlət bu məsələlərə nəzarət eləməlidir. Süni qiymət artımının qarşısı alınmalıdır".

A.Əlizadə bildirdi ki, Azərbaycanda bu sahədə qanunvericilik bazası formalaşıb və istehlakçıların hüquqlarının müdafiəsi haqqında  qanunu var: "Eyni zamanda "Antiinhisar fəaliyyəti haqqında" qanun var. Təəssüflər olsun ki, bu qanunvericilik bazasının olmasına baxmayaraq,  faktiki olaraq qanunun məcburedici gücündən  dövlət qurumları istifadə etmir. Həmçinin bu sahəyə bilavasitə nəzarət etməli olan Antiinhisar və İstehlak Bazara Nəzarət Dövlət Xidməti də var ki, biz bu son dövr ərzində bu dövlət xidmətinin bahalaşmanın qarşısının alınması istiqamətində hər hansısa bir addım atılmasının şahidi olmamışıq. Bu təbii ki, heç bir halda qəbul olunan məsələ deyil, insanların onsuz da maddi rifah halı günü-gündən pisləşir. Bunun fonunda qiymətlərin pərakəndə şəkildə nəzarətdən kənar artırılması iqtisadi vəziyyəti yaxşı olmayan Azərbaycan vətəndaşının günü-gündən kasıblaşmasına, iqtisadi vəziyyətinin çətinləşməsinə səbəb olur. Bu da hər birimizi narahat eləməlidir. İlk növbədədə hesab edirəm ki, dövləti, dövlət qurumlarını narahat eləməlidir və dövlət qurumları bu məsələlər üzrə ciddi addımlar atmalıdırlar".

Partiya sədri qeyd etdi ki,  mövcud hakimiyyət bunu bilavasitə qəbul eləməlidir ki,  yalnız vətəndaşı iqtisadi cəhətdən güclü olan dövlət güclü dövlət ola bilər: "Vətəndaşı zəif, incidilmiş vəziyyətdə olan, vətəndaşının iqtisadi vəziyyəti pis olan, gündəlik çətinliklərlə üzləşən vətəndaşı olan dövlət heç bir halda güclü dövlət ola bilməz. Ona görə bu sahədə hesab edirəm ki, ciddi təxirəsalınmaz addımlar atılmalıdır, dövlətin gücündən istifadə olunmalıdır, mövcud müvafiq qurumlar bu məsələlərlə bağlı Azərbaycan qanunvericiliyinə müvafiq addımlar atmalıdırlar. 
Mütəxəsislər qeyd edirlər ki, bir dövlət tam təhlükəsizliyini təmin etmək üçün ən azından istehlak bazarının 80%-ni özü istehsal etməlidir. Azərbaycanda bu  yoxdur düzdür, hələ o həddə gəlib çatmamışıq.Bir çox məhsullar ölkə kənarından idxal olunur, amma bütün bunlara baxmıyaraq bu əsas vermir ki, ölkədə bu cür bahalaşmanın qarşısı alınmasın. Çünki  ölkədə ən azından qıtlıq yoxdur, məhsul bolluğu var, kənd təsərrüfatı sahəsində irəliləyişlər var və digər sahələrdə istehsal artımı da var. Manatın devalvasiyaya uğramadığı, məzənnənin qorunub saxlandığı dönəmdə heç bir halda belə bahalaşma ola bilməz. Bu  onu deməyə əsas verir ki, bahalaşma obyektiv amillərlə deyil, subyektiv amillərlə baş verir. Bu subyektiv amillərin qarşısının alınması bilavasitə dövlət qurumlarının vəzifə borcudur".

Nuriyyə, 

SİTAT.İNFO



Xəbər xətti