"Gürcüstanda tədrisi Azərbaycan dilində olan orta məktəbləri narahat edən məsələləri iki tipə bölmək olar. Birinci tipə hər məktəbin üzləşə biləcəyi infrastruktur, müəllim çatışmazlığı və dərslik problemləri daxildir. Digər qrupa isə müəllimlərin hazırlığı, ixtisas artımı, dərsliklərin Azərbaycan dilinə tərcüməsindəki nöqsanlar kimi spesifik problemləri aid etmək olar".
“SİTAT.İNFO reporta istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gürcüstanın Qardabani şəhərinin 3 saylı azərbaycandilli məktəbində 13 təhsil ocağının müəllimlərilə görüşdə deyib.
O qeyd edib ki,
ə bütün problemlərin həlli mümkündür və bunun üçün vaxt tələb olunur: "Gürcü həmkarlarla müzakirələr zamanı müəllimlərin hazırlığı, azərbaycandilli məktəblərin Azərbaycan dilində metodik vasitələr və bədii kitablarla təminatı məsələlərilə bağlı müəyyən ilkin razılıqlar əldə edilib".
E.Əmrullayev qeyd edib ki, qonşu ölkəyə səfər zamanı Gürcüstanda Azərbaycan dilində nəşr edilmiş bəzi dərsliklərlə tanış olmaq imkanı olub və onların üslub baxımından təkmilləşdirilməsinə ehtiyac duyulur.
Nazir azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası istiqamətində uğurlu proqramların həyata keçirildiyini və bu ölkədə yaşayan soydaşlarımızın öz mədəniyyətlərini yaşatmaları üçün çox yaşxı şəraitin olduğunu vurğulayıb.
Görüşdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev deyib ki, iki ölkə arasında təhsil sahəsində imzalanmış saziş əməkdaşlığın səmərəliliyinin artırılmasına öz töhfəsini verəcək. Səfir qeyd edib ki, Azərbaycan dövləti Gürcüstandakı soydaşlarımıza təhsil və humanitar sahədə hər zaman dəstək göstərir və Heydər Əliyev Fondunun məktəbləri əsaslı təmir etməsi, SOCAR şirkətinin hesabına azərbaycanlı tələbələrin təhsilinin maliyyələşdirilməsi də bunu sübut edir.
Gürcüstan təhsil və elm nazirinin birinci müavini Tamar Maxaraşvili öz növbəsində bildirib ki, iki ölkə arasında təhsil sahəsində mövcud əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması hər iki ölkə üçün prioritetdir.
Görüşdə pedaqoqları maraqlandıran suallar cavablandırılıb və qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, E. Əmrullayev görüşdən öncə səfirlə birgə Rustavi şəhərindəki Heydər Əliyev adına parkda ulu öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatiərisini ehtiramla yad edib.