“Azərbaycanda aqrar sektorun inkişafı üçün 3 istiqamətdə aaddımlar atılmalıdır. Birincisi, mövcud resursların səfərbər edilməsi və səmərəli istifadəsinin təşkili, ikincisi sektorun mənfəətli fəaliyyətinin təşkili və risklərdən sığortalanma, üçüncüsü bazarların şaxələndirilməsi və kollektivləşmə istiqamətində olmalıdır”.
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, resursların səfərbər edilməsi üçün ölkənin torpaq ehtiyatları və kənd təsərrüfatı potensialından istifadə ilə bağlı kompleks tədbirlər görülməlidir:
“Yararlı torpaqların istifadə əmsalının yüksəldilməsi, torpaqların şoranlaşmasının qarşısının alınması və keyfiyyətinin artırılması, yararlı torpaqların əhatə dairəsinin genişləndirilməsi və eyni zamanda istifadə olunmayan torpaqlarla bağlı daha konkret mexanizmlərin tətbiq olunması diqqət mərkəzində olmalıdır”.
R.Həsənov vurğuladı ki, ikincisi, mənfəət normasının yüksəldilməsi və sektorun səmərli fəaliyyət sahəsinə çevrilməsi və risklərdən sığortalanması ilə bağlıdır: “Belə ki, aqrar fəaliyyətlərin ekstensiv inkişaf dinamikasının intensiv inkişaf meylləri ilə inkişafına keçid təmin olunmalıdır. Aqrar fəaliyyətlər elmi və texnoloji inkişafın müasir imkanlarından yararlanmaqla həyata keçirilməlidir. Bu istiqamətdə maliyyə imkanları gücləndirilməlidir, eyni zamanda maarifləndirmə işləri görülməlidir. Bunların bəzilərinin mexanizmləri var. Ancaq bu mexanizmlərdən səmərəli istifadə edilməlidir”.
İqtisadçı hesab edir ki, həmçinin aqrar sığortanın tətbiqi təkmilləşdirilməlidir: “ Aqrar sahədə gəlirlərin sığortalanması, ixrac risklərinin sığortalanması məhsulları hazırlanıb ortaya qoyulmalıdır. Fermer üçün əsas məqsəd məhsul istehsalı olmalıdır. Fermer bütün digər qayğılardan azad olmalı və sığortalanmalıdır”.
R.Həsənov əlavə etdi ki, üçüncü məsələ kollektivləşmə və bazarların şaxələndirilməsidir: “ Azərbaycanda torpaq islahatının qeyri-səmərəli təşkilindən qaynaqlanan bir durum ortaya çıxdı ki, gücsüz istehsalçı sindiromu formalaşıb. Bu sektoruda koorporasiya institutunun formalaşması istiqamətində görülən tədbirlər öz effektini verməyib. Ona görə də daha zəif istehsalçıdan biz danışırıq ki, onlar öz məhsullarını dəyər zəncirinin bütün halqalarında son istehlakçıya çatdırılana qədər olan prosesdə iştirak imkanına malik deyillər. Bu da aqrar sahədə mənfəət normasının aşağı olmasını şərtləndirir. Dolayısı ilə bu sahədə gəlirlərin az olması səbəbindən təkrar investisiya imkanlarının məhdud olmasına gətirib çıxarır. Yaxşı olar ki, qeyd olunan istiqamətdə koorporativ təşəbbüslərin dəstəklənməsi genişləndirilsin. Belə olduğu təqdirdə istehsalçının bazar mövqeyi güclənir. İstehsalçının öz məhsullarını bazara çıxarma imkanları artır. Təbii ki, dolayısı ilə bazarların şaxələndirilməsi, ixracda vahid bazardan asılılıq probleminin həll edilməsi mühümdür. Geniş bazarlara malik istehsalçı həm də güclü istehsalçı deməkdir".
Nərgiz Liftiyeva
SİTAT.İNFO