Anar Əsədli Azərbaycanın Ukraynanın ərazi bütövlüyü məsələsində ehtiyatlı davranışını "fiasko" adlandırdı

20:41 13 Oktyabr 2022

Azərbaycan Yüksəliş Partiyasının Azərbaycanın BMT-də Ukraynanın ərazi bütövlüyünə dair səsvermədə iştirak etməməsi ilə əlaqədar bəyanat yayıb.

Sitat.info  bəyanatın mətnini təqdim edir.

"12 oktyabr 2022-ci il tarixində BMT-nin Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, qondarma referendumları pisləyən, Rusiyanı Ukraynadan çıxmağa çağıran qətnamə səsə qoyulub. 143 ölkə qətnamənin lehinə, 4 ölkə əleyhinə səs verib, 35 ölkə bitərəf qalıb. Hərbi-siyasi müttəfiqimiz Türkiyə sənədin lehinə səs verib. Azərbaycan isə yenə səsvermədə iştirak etməyib.

Maraqlıdır ki, 2014-cü ildə Krımın anneksiyası ilə bağlı BMT səsverməsində Azərbaycan iştirak etmiş və Ukraynanın lehinə səs vermişdi.

Azərbaycan Yüksəliş Partiyası bəyan edir ki,

ərazi bütövluyü və suverenliyi hələ də tam olmayan, suveren ərazilərində işğalçı ölkənin hərbi qoşunları və mandatı ratifikasiya edilməyən bir ölkənin ordu hissələrinin qaldığı bir vaxtda Azərbaycan nümayəndə heyətinin dövlətçilik üçün kifayət qədər fundamental və prinsipial məsələdə nümayişkəranə boykot qərarı verməsi bir tərəfdən anlaşılmayan haldırsa, digər tərəfdən biabırçılıqdır, diplomatik fiaskodur.

Əlbəttə, qəbul edirik ki, diplomatiyada, bu kimi məsələlərdə səsvermədən yayınmağın özü də bir manevrdir, siyasi mövqedir. Ancaq sırf ərazi bütövlüyü və işğalçıların suveren ərazilərdən çıxarılması prinsipinin səsə qoyulduğu prosesdə tərəddüd etməyin çox ciddi səbəbləri olmalıdır. Belə çıxır ki, Azərbaycan dövləti hələ də Rusiyanın təzyiqlərindən aşırı dərəcədə ehtiyat edir və əslində, bu ilin əvvəlində Kremllə bağlanan müttəfiqlik qarşılıqlı fəaliyyətə dair saziş Azərbaycana xarici siyasətini müstəqil surətdə müəyyənləşdirməsinə əngəllər yaradır. İşin ən pis tərəfi isə bu sazişdən aylar öncə Türkiyə ilə bağlanan 2021-ci il 15 iyun tarixli Şuşa Bəyannaməsinin hadisələrin indiki gedişatı fonunda cəmiyyətdə haqlı olaraq heç bir əhəmiyyəti və təsir gücü qalmayan formal bir sənəd olması təəssüratını yaratmasıdır. Bu, təhlükəli tendensiyadır, çox təəssüf ki, Azərbaycanın milli və strateji maraqlarına, hədəflərinə böyük ölçüdə kölgə sala biləcək bir hala çevrilməkdədir.

Çünki 2020-ci ildə tarixi zəfərlə bitən İkinci Qarabağ Müharibəsi ilə bağlı cəmiyyətdə gedən qızğın müzakirələrin bir ana mövzusu da bu idi ki, Azərbaycan dövləti istər döyüş meydanında, istərsə də diplomatiya masasında qardaş Türkiyə dövləti ilə birlikdə addımlayır, bütün məsələləri hərtərəfli, çoxşaxəli koordinasiya edir. Şuşa Bəyannaməsində bununla bağlı ayrıca bir paraqraf da var. Bu arqumentin ölkənin ictimai-siyasi fikrinə hakim olmasında biz də maraqlıyıq, çünki son 200 ildə Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin və faciələrin ən böyük səbəbkarının Rusiyanın imperialist və şovinist, o cümlədən qonşularına qarşı ekspansionist siyasətinin olduğuna əminik və buna inanırıq. Həm də bunu dönə-dönə vurğulayırdıq ki, son proseslər fonunda Türkiyə ilə birgə addımlayan Azərbaycanın Rusiya ilə də ehtiyatlı və məsafəli siyasi xətt tutmasında başlıca səbəb Qarabağda hələ də yarımçıq işlərimizin qalması, rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi, hələ də yuridiksiyamızın işləmədiyi ərazilərdə erməni separatçı qalıqların at oynatmasının ölkəmizə yarada biləcəyi yeni təhdidlərlə bağlıdır.

AY Partiya bir daha vurğulayır ki, ölkənin daxili ictimai-siyasi münasibətlərində dərin problemlər var, dövlət idarəetmə mexanizmlərinin effektivsizliyi göz qabağındadır, həyatın bütün zəruri sahələrində kifayət qədər sıxıntılar var, əhalimiz getdikcə daha çox kasıblaşır, yoxsullaşır, idarəetmə sistemi bərbaddır, hüquq-məhkəmə sistemi müstəqil deyil, düz işləmir, daha çox icra aparatından asılı vəziyyətə düşüb, bir çox mühüm qanunvericilik aktları mütərəqqi beynəlxalq hüquq standartlarından uzaqdır, azad seçki yoxdur, demokratiya, media azadlığı məhdudlaşdırılır və s. Bütün bunlar siyasi hakimiyyəti tənqid etmək üçün bizə bol material verir. Ancaq xarici siyasət və düşmənlə mübarizədə bu mövzulardan doğan kin və küdurətin iqtidarı tənqid etmək üçün əlavə səbəblər yaratmamalı olduğu xəttini müdafiə etmişik, bunun milli və strateji maraqlarımıza uyğun gəlmədiyini vurğulamışıq. Sırf dövlətin təhlükəsizliyi, düşmənlə mübarizədə daha çox həmrəy ola biləcəyimiz halda, dosta və düşmənə yanlış görüntü verməməyin tərəfdarı olmuşuq. Dövlətin xarici siyasət idarəsinin, ən çox da hərbi-siyasi ittifaqı özündə ifadə edən Şuşa Bəyannaməsi ilə ölkənin təhlükəsizlik zəmanətinə çevrilən qardaş Türkiyə ilə apardığı xarici siyasət kursunu yüksək qiymətləndirmişik.

İndi haqlı və əsaslı sual ortaya çıxır ki, qəfil nə dəyişdi, Azərbaycan ərazi bütövlüyü və işğalçının suveren ərazilərdən çıxarılması kimi ən vacib məsələnin səsverməsində Ankara ilə birgə yürütdüyü kursu dəyişdi?! Krımın anneksiyası ilə bağlı səsvermədə iştirak edib lehinə səs verən rəsmi Bakı nə oldu ki, bütövlükdə Ukraynanın ərazi bütövlüyü, suverenliyi, Rusiya ordusunun onun ərazilərindən çıxarılmasına dair səsvermədən yayındı?! Hələ də Qarabağda beynəlxalq havadarlarının köməyi ilə erməni separatçılığınln "çiçək açması" kimi bir təhdidin altında əzilən Azərbaycan üçün eynən Donbassda oxşar separatçılıqdan əziyyət çəkən Ukraynaya beynəlxalq miqyasda dəstək verə bilməməyimiz, bundan yayınmağımız gerçəkdən dərin təəssüf və haqlı suallar doğurur. Azərbaycan üçün Krımın işğalı ilə Donbassın və digər saxta referendumlarla anneksiya edilmiş ərazilərin nə kimi bir fərqi yaranıb? Bəlkə səsvermənin mətninə salınmış "Rusiya ordusunun qeyd-şərtsiz Ukraynanın suveren ərazilərindən çıxarılması" maddəsinin yaradacağı presedent rəsmi Bakını rahatsız edib? Hər bir halda, fərqli davranışla bağlı Azərbaycanın xarici siyasətinə məsul olan qurumlar və şəxslər ölkə ictimaiyyətinə mütləq açıqlama verməyə borcludurlar.

AY Partiya xatırladır ki, dövlət ictimai təsisatdır və xalqın, cəmiyyətin baş verənlərdən xəbəri olmalıdır. Bu kimi prinsipial məsələlərdə ifrat dərəcədə ehtiyatlı addımlaAzər qətiyyətsizlik kimi qəbul edilə bilər və bunun gələcəkdə ölkəmizə yarada biləcəyi problemlər, əngəllər, maneələr növbəti nəsillərə miras kimi buraxılmamalıdır.

Sitat.info



Xəbər xətti