Ailə, qadın, uşaq - bəs kişi harada qaldı? - Deputat Aqiyə Naxçıvanlı Komitənin adına irad tutdu

14:37 25 Oktyabr 2022

Azərbaycanda əhalinin sosial problemlərindən biri də ailədaxili şiddət, münaqişələr və boşanmaların sayının artmasıdır. Əksər ailələrdə bu tip münaqişələr baş verir. Bu münaqişələr bəzən heç də yaxşı nəticələnmir. Sən zamanlarda boşanmalarında  sayı artmaqda davam edir, hətta statistika üçdəbirə qədər yüksəlib. Xüsusilə də gənc ailələrin dağılması hallarının şahidi oluruq. Bundan əlavə məktəbli qızlar arasında abort hallarının artması da narahatçılıq doğurur. 

Ailə münasibətlərinin tənzimlənməsi və boşanmaların qarşısının alınması üçün hansı addımlar atılmalıdır? 

Bu sualları Sitat.info-ya açıqlamasında cavablandıran  Azərbaycan Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı bildirib ki,  ailə münasibətlərinin nizama salınmasında ilkin olaraq maarifləndirməni əsas götürmək lazımdır: Avropada ailə həyatı quracaq şəxslərin xüsusi kurslara gedərək məlumatlanması təcrübəsini nümunə göstərən deputat Azərbaycanda da bu təcrübənin həyata keçirilməsinin tərəfdarıdır: "Məktəbli qızlar arasında abort hallarının sayının artması, gənc ailələrin tez dağılması və s. qarşısının alınması üçün tədbirlər görülməlidir. Yaxın keçmişə qədər bu kimi hallar ictimai qınaq obyektinə çevrilsə də, hazırda bu hallara normal baxılır. Bundan əlavə gənclərin  bir-birini tanımadan, ailələrinin bir-birini tanımadan nigah bağlanması, ailə qurduqdan sonra isə dözümsüzlük, səbrsizlik boşanmalara gətirib çıxarır. Bunu da qeyd etmək lazımdır ki, gənclər ailə qurduqdan sonra bir-birlərində bəzi xüsusiyyətləri dəyişmək istəyirlər. Onlar anlamalıdırlar ki, hər hansı şəxsin xasiyyətini dəyişmək yerinə qarşılıqlı hörmət, anlayış güvən, dözümlülük və digər müsbət keyfiyyətlər yaratmaq lazımdır". 

A.Naxçıvanlı hesab edir ki, sosial problemlər boşanmalar üçün əsas deyil: "Çünki, ailə həyatı quran şəxslər bir-birini yaxşı tanıyır, ailə həyatı qurduqdan sonra onları hansı çətinliklərin gözlədiyini bilirlər. Bizim dövrümüzdə məgər sosial problemlər olmayıb. Siz özünüz də o dövrü gözəl bilirsiniz.  Ailə münasibətlərində bütün məsuliyyəti qadının üzərinə yükləmək tamamilə yanlışdır. Ailəyə qayğını sadəcə xüsusi günlərdə deyil, mütəmadi olaraq göstərmək lazımdır. Bu səbəblə də maariflənmə ilk şərtdir". 

Deputat vurğuladı ki, gənc ailələrin dağılma səbəblərindən biri də narkomaniyadır: "Ailə fərdlərindən birinin zərərli vərdişlərə alüdə olması ailələrin dağılmasını bir həddə qədər qaçınılmaz edir. Nigahın qeydə alınması və boşanma idarələrində gənc ailələrlə maariflənmə söhbətləri aparılmalı, onlara ailə münasibətlərinin düzgün qurulması üçün məsləhətlər verilməlidir". 

A.Naxçıvanlının fikrincə, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin adı düzgün götürülməyib: "Ailə, qadın, uşaq - bəs kişi harada qaldı? Kişi olmayanda ailə olur? Olmur axı.. Əgər ailədən söhbət gedirsə o maarifləndirmə işləri həm qadın , həm də kişi ilə aparılmalıdır. Hansısa layihəni gözləməməliyik, kampaniya xarakterli iş görməməliyik. Ciddi maarifləndirməyə ehtiyac var". 

Seymur Bənnayev,

SİTAT.İNFO

 

 



Xəbər xətti