Manatın alıcılıq qabiliyyəti sürətlə aşağı düşür: "Hökumət çevik plan hazırlamalıdır!"

08:55 26 Oktyabr 2022

 "Qlobal miqyasda baş verən proseslər, həmçinin, dünya bazarlarında neftin qiymətinin qeyri-sabit olması və başqa səbəblər manatın devalvasiyaya uğramasa belə alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. 

Amma inflyasiyanın qarşısının alınması üçün heç bir konkret addım atılmır"

Bu sözləri  Sitat.info-ya açıqlamasında  iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, manat faktiki olaraq sürətli inflyasiya fonunda alıcılıq gücünü itirir: "Bunun qarşısının indiki şərtlər daxilində alınması məhz inflyasiyanın qarşısının alınmasındadır.  Nə qədər ki inflyasiyanın qarşısı alınmayacaq, inflyasiya səviyyəsi aşağı düşməyəcəkdir o qədər də manatın sürətlə dəyərsizləşməsinin qarşısını almaq mümkün olmayacaqdır. Burada söhbət manatın digər valyutalarla müqayisədə dəyərinin itirilməsindən deyil, manatın özünün alıcılıq qabiliyyətinin aşağı düşməsindən gedir. Buna görə də hökumət daha çevik planlama hazırlamalıdır".

R.Həsənov yada saldı ki, prezidentin fevral ayında imzaladığı fərmanla hökumətə antiinflyasiyatədbirlər planının hazırlanması və icrası ilə bağlı tapşırıqlar verilmişdi, amma təəssüflər olsun ki, bu istiqamətdə hər hansı konkret addımlar atılmayıb: "Antiinflyasiya tədbirləri qısamüddətli, orta və  uzunmüddətli hədəflərə yönələn fəaliyyət planını əhatə etməlidir.  Qısamüddətli dövr vergi dərəcələrinin azalması, maliyyə çıxışının asanlaşdırılması, rüsumlardan azadetmə və ya rüsumların azaldılması, güzəştlərin verilməsi yolu ilə bu istiqamətdə yaranmış təzyiqlərin neytrallaşdırmasını nəzərdə tutan tədbirlər paketidir. 

Bunlardan yalnız ötən dövr ərzində Vergi Məcəlləsinə büdcə prosesi çərçivəsində bəzi dəyişikliklərin edilməsi təklifləri hazırlanıb. Bu təkliflər qəbul edildiyi halda 2023-cü ildə qüvvəyə minəcəkdir. 

Demək olar ki, ötən 1 il ərzində ölkə olaraq antiinflyasiya istiqamətində konkret olaraq heç bir addım atmamışıq". 

İqtisadçı onu da qeyd etdi ki, uzunmüddətli tədbirlər isə təbii ki, istehsalın təşviq edilməsi, daxili istehsal hesabına yerli istehlakın ödənilməsi, yerli idxal kanallarının genişləndirilməsi, idxal bazarlarının şaxələndirilməsi kimi daha böyük spektrli fəaliyyətləri əhatə etməlidir: "Təəssüf ki, bu sahədə də heç bir addım atılmır.  Antiinflyasiya ilə bağlı uzunmüddətli tədbirlər özlüyündə fundamental islahatları da əhatə edir. 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasına baxdıqda asanlıqla bu qənaətə gəlmək olur"

Seymur Bənnayev

SİTAT.İNFO



Xəbər xətti