Dünyada və regionumuzda gündəm sürətlə dəyişir. Əslində müxtəlif bölgələrdə baş verən proseslər birbiri ilə sıx əlaqəlidir. Son günlərin gündəmini Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli ilə müzakirə etdik. Onun Sitat.info-ya müsahibəsini təqdim edirik.
- Anar bəy, İranda sentyabrın ortalarından başlayan aksiyalar səngimək bilmir. Bu olayların ölkənin parçalanmasına qədər gedəcəyi fikirləri də səslənir. Necə düşünürsünüz, bu olaylar İran molla rejiminin sonu ola bilərmi? Güneydə milyonlarla soydaşımızın yaşadığını nəzərə alaraq, ehtimal olunan bütün nəticələrə Azərbaycan Respublikası və Türk Dünyası neçə hazırlaşmalıdır?
- Son vaxtlar İranla bağlı məsələlərin daha çox qabarması mənə bir hadisəni xatırladır. Rəhmətə getməmişdən bir il qabaq gənclərlə görüşlərində eks-prezident Elçibəy deyərdi ki, 20 ildən sonra regionda çox ciddi hadisələr olacaq, bunların arasında İranda baş verənlər daha qabarıq üzə çıxacaq, xüsusilə Güney Azərbaycan məsələsi ciddi dairələr tərəfindən gündəmə gələcək. Bu gün olaylara baxırıq və Bəyin nə qədər uzaqgörən olduğuna bir daha şahidlik edirik. Bəli, həftələrdir, İranda daxili ixtişaşlar sakitləşmir, əksinə, hökumətin təzyiqləri artır. İranda qadının saçı göründüyü üçün döyülməsi, yaxud həbs edilməsi yeni olay deyildi. İnsan hüquq və azadlıqlarının, xüsusilə qadın haqlarının pozulması həmişə olub. Məhz Məhsanın görüntülərinin İran kimi bir ölkədə çəkilib yayılması və ixtişaşların hələ də sakitləşməməsi, insanın ağlında xarici güclərin bu proseslərdə müəyyən təsirinin olduğu qənaətini də formalaşdırır. Ancaq biz siyasət adamlarıyıq və olaylara duyğusal yox, praqmatik baxmalıyıq. Hərtərəfli təhlillərə ehtiyac var, çünki coğrafi olaraq həlledici və əlverişli bölgədə yerləşən İran qlobal miqyasda bir çox məsələlərin həlli baxımından açar ölkədir, orada elə ya belə maraqları olan mərkəzlər çoxdur...
- Yəni, hələlik rejiminin sonunun gəldiyini demək tezdir...
- İranın bu hadisələr nəticəsində daxili parçalanmasının ağlabatan olmadığını düşünürük. Xalq bütöv şəkildə rejimə qarşı dirəniş göstərir. Görünən odur ki, irtica rejimi yumşalarsa, xalqın tələbini yerinə yetirərsə, o zaman xalq da sakitləşə bilər. Fəqət rejim buna da getməyi risk hesab edir, çünki bu zaman xalq daha çox şeyin dəyişməsini tələb etməyə başlayacaq. Güc dəyişikliyə səbəb olursa, bunun ardının gəlməsi labüd olacaq. Bu isə daha çox şəriət üzərində qurulan teokratik idarəetmə sisteminin dağılması deməkdir. İndi mollalar təşviş içindədirlər.
Ehtimal edək ki, ikinci variant kimi, İran parçalanmaya doğru gedərsə, nəinki bütövlükdə Türk Dünyası, hətta sərhədində yerləşən Azərbaycan bu duruma nə dərəcədə hazırdır? Siyasi məsələləri bir kənara qoyuram, yarana biləcək qaçqın-köçkün axını sayəsində humanitar böhranın miqyası bizim üçün çox fəlakətli olar. İndidən bunun da hesab-dəftərini tutmaq lazımdır.
Biz hər zaman Bütöv Azərbaycan ideyası haqqında yazıb, danışsaq da, son illər məni ən çox düşündürən sual bu idi: Quzeyin Güneyə hazırlığı varmı?
44 günlük Vətən Savaşında bu sual bir daha aktuallaşdı.
Əgər indiyə qədər müvəqqəti məğlub olan xalqda Güney məsələsi bəzən çaşqınlıq yaradırdısa və hərdən "kiçik Qarabağı qoruya bilmədik, İranımı dağıdacağıq?" kimi təbii etirazlar eşidilirdisə, artıq qalib xalq psixologiyasıyla yaşayan millət olaraq, haqlı istəyimizlə birləşib regionun ən güclü dövləti olmaq arzusundayıq.
Amma və lakin siyasət arzu işi deyil, bilgi işidir.
Birləşmə necə olmalıdır? Bizdən öncə birləşmiş xalqlar və dövlətlərin təcrübəsini bilirikmi? Öyrənmişikmi? İdeoloji aspektdən fikir ayrlılıqlarımızı bilirikmi və s.
Yaxşı, bəs Quzeydəki siyasi və ictimai təşkilatlar nə edir? Media necə dəstəkdə bulunur?
Bütün ayrılmış və uzun illər sonra birləşmiş millətlərin dövlətləri kimi, bizim də birləşmə dövrü üçün artıq hazır konsepsiyamız olmalıdır.
Və bu dövlət işi olmamalıdır. Hazırlıq dövlət səviyyəsində ola bilməz.
Azərbaycanın Quzeyində çox sayda partiya, qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Əllərində kifayət qədər potensial var. Üzvləri arasında alimi, mühəndisi, iqtisadçısı var. Yaxşı, bəs partiyaların birləşmə dövrü üçün hazırladıqları platformaları varmı?
Yəni bir siyasi partiya dövlətdən hazır proqram gözləyirsə, dövlətin gələcəyi üçün heç bir müstəqil siyasət yürütmürsə, onun bir məmur bürosundan fərqi nədir?
Biz özümüz iki il öncə birləşmə günümüzə hər bir sahədə hazır olmaq üçün Azərbaycanın Tarixi Torpaqlarının Araşdırılması və Öyrənilməsi Mərkəzini (ATTAÖM) yaratdıq.
Bu mərkəz ölkənin bütün sahələrində olan peşəkar mütəxəssisləri bir araya gətirir, ciddi çalışmalar içərisindədir.
- Bu konsepsiyalar hazırlanarkən nələrə diqqət edilməlidir?
- Burada başqa nüanslar da var. Quzeyin Güneyə hazır olub-olmadığı sualdan çox, çağırışdır. Yəni, hadisələrin bu həddə və bundan daha böyük miqyasa çatacağı uzun illər öncədən bəlli idi. Lakin cəmiyyətimizdə belə yanlış fikir formalaşmışdı ki, İranda baş verənlərin bizə aidiyyəti yoxdur, hər hansı hazırlığa da ehtiyac qalmır. Bugünkü hadisələr göstərir ki, İranda vəziyyət hər an dəyişə bilər və bu dəyişiklik Güney məsələsindən yan keçməyəcək. Azərbaycan və Türk Dünyası yaxşı mənada regional siyasi və hərbi blok ola biləcək Turana hazırlaşmalı və zənnimcə, Güney məsələsi bu zəncirvari hadisələrin, sadəcə, bir halqasıdır. Yəni, Almaniya birləşəndə müəyyən sosial-mədəni problemlər yaşadılar, çünki cəmi 44 il ayrı qalmışdılar. Bununla belə Şərqi Almaniya Avropa ümumi mədəni şərtləri içində qala bilmişdi, istər istəməz, təsir rıçaqları var idi, ən əsası əlifba dəyişməmişdi, dil ədəbi dil səviyyəsində tədris olunurdu və s. Başlıca fərq idarəetmə sistemləri arasındakı idi.
Bizdə isə dərin yaralar çoxdur. Zaman az deyil, düz 200 ildir, soydaşlarımızdan, həm də özümüzdən, evimizdən ayrı düşmüşük. Əlifbamız fərqli. Tədris tamamilə fərqli. Mədəni inkişaf mühiti tamamən ayrı bir şey. Obrazlı desək, ayrı-ayrı dünyaların iki ölkəsinin müstəmləkəsi olmuşuq. Fəqət elə bir müasir, qloballaşma prosesi sürətlə gedən dünyada yaşayırıq ki, xalqların inteqrasiyasında qarşıya çıxacaq maneələri aşmaq çətin olmayacaq. İranda yaşayan soydaşlarımız bu gün də Azərbaycana gəlib gedirlər, yaxud biz gedib-gəlirik, bu mənada ziyanın yarısından dönməkdə də fayda var. Bu baxımdan, biz maarifləndirici işlərimizi daha da gücləndirməliyik. Bu sahələr üzrə toplantılar, konfranslar, hətta treninqlər təşkil etməliyik, qəzetlər, jurnallar, dərgilər, kitablar yazılmalı, çap edilməlidir. İşimizi ən çox qəlizləşdirən bu mövzularla dünya ictimai-siyasi gündəminin mərkəzinə düşə bilməməyimizdir. Məsələnin ciddi siyasi tərəfləri var, biz bunu qlobal miqyasda lazımı qədər işıqlandırmamışıq. İnformasiya baryerini yarmalı, dünyaya bölünmüş xalq olduğumuzu göstərməliyik, isbat etməliyik. Çünki bölünmüş xalq olmağımız tarixi-siyasi hadisələr fonunda baş verib, hər hansı təbii assimilyativ formada olmayıb. Qaldı ki İranda baş verən ixtişaşlara, ilk iki gün həm də milli yönümlü şüarlar ilə müşayət edilsə də, daha sonra yenidən sosial-məişət yönümlü, daha çox qadın haqları ilə əlaqədar şüarlara yönəldi. Yəni, bu, artıq o deməkdir ki, İranda hadisələr sırf sosial-siyasi yönümlüdür və milli-siyasi zəminə keçməkdə tərəddüdlər var. Təbii ki, hadisələrin gələcəkdə hansı şəkildə inkişaf edəcəyini izləyib görəcəyik. Ümumiyyətlə, xalqın iradəsini əvvəlcədən müəyyənləşdirmək hər zaman çətin olub. Bu baxımdan hələlik dəqiq proqnoz vermək mümkün deyil.
- Aksiyaların fonunda İranın ölkəmizə aqressiyası da davam edir. Rəsmi şəxslərin açıqlamaları, hədələyici mesajları birbirini əvəzləyir. Artıq İranla bağlı konkret mövqe ortaya qoymağın vaxtı çatmayıbmı?
- İranda 1979-cu ildən bu yana klerikal teokratik bir rejim hakimiyyət başındadır. Daha çox şəriət qaydaları ilə idarə olunan dövlət çox mürəkkəb idarəetmə mexanizminə sahibdir. Bununla belə, azərbaycanlıların üstün çoxluğu Tehran rejimini hər zaman narahat edib. İnqilabın özəyini təşkil edən etnik azlıqlar içində Azərbaycan türklərinin oynadığı rol danılmaz idi və hələ o zaman mollalar azərbaycanlılara haqq və hüquqları ilə bağlı verdikləri vədlərə xilaf çıxdılar. Elə o vaxtdan Azərbaycan türkləri ilə molla rejimi arasında mehriban düşmənçilik rüzgarları əsməyə başladı. Molla rejiminin bu müddətdə Azərbaycan türklərinin assimilyasiyaya məruz qalması üçün əl atmadığı pislik qalmayıb. Ən çox qəddarlıq da məhz azərbaycanlılara münasibətdə nümayiş etdirilir desək, yalan olmaz. Son vaxtlar İranda baş verən inqilabi hadisələr də bu mənada dediklərimizi təsdiq edir. Molla rejimi zərərə uğradıqca, əsl çirkin mahiyyəti, dövlət terroruna meyilli olduğu üzə çıxıb, xalqları aldadan riyakar sifəti açılmağa başlayıb. Ölkəmizə qarşı təhdidlərini, açığı, o qədər də təhlükəli saymıram. O başqa məsələdir ki, İranın ölkəmizə münasibəti hər zaman birmənalı olmayıb. Qarabağ zəfərinə qədər münasibətlər nisbətən balansda saxlansa da, Qarabağ zəfərindən sonra bölgədə Azərbaycanın apardığı siyasət İranı qane etmədi, əksinə bunu özünə təhdid kimi gördü. Son günlərdə də aqressiv çıxışların artmasının səbəbi Zəngilan aeroportunun açılması, Zəngəzur dəhlizinin işə düşməsilə bağlı rəsmi Bakının israrı, Azərbaycanın İsraildə səfirlik açmağa hazırlaşması, ümumiyyətlə Bakı-Tel-Əviv münasibətlərinin dərinləşməsi, qardaş Türkiyənin hər gün daha çox bölgəyə hakim olmasıdır. İrana yaxın ərazilərdə hava limanlarının açılması rəsmi Tehranı daha çox özündən çıxarır. Elə Zəngilan aeroportunun açılışı zamanı İranın sərhəddə hərbi təlim keçirərək, gözdağı verməsi cəhdi bu nəqliyyat-kommunikasiya təsisatının mahiyyətini bir daha ortaya qoymuş oldu. İran, hətta daxili ixtişaşları zamanı belə, Zəngilan hava limanına bu qədər qıcıq olursa, deməli, burada özünə qarşı qurulmuş bir "plan" görür ki, bunu da ən son prezident Rəcəp Tayyib Ərdoğan yersiz narahatlıq kimi qiymətləndirdi. Ola bilsin, İran özünə qarşı müharibə ehtimalından təşvişə düşüb. Ya da, xalqı daxili məsələlərdən yayındırmaq üçün xarici düşmən axtarışına çıxıb. Bizə görə bu düşmən nə Azərbaycandır, nə də Türkiyə! Hərçənd, Türkiyə və Azərbaycan liderlərinin görüşünü özünə təhdid olaraq alqılaması bir çox amillərə görə Tehrandakı molla rejimi üçün olduqca təbii haldır. Çünki yaxşı görür və dərk edir ki, 40 milyona yaxın türkəsilli insan vicdanlarının səsilə tarixi torpaqlarda baş tutan bu görüşləri izləyir, həyəcanlanır, oradan gələn işığa ümid bəsləyir. Tehran da iz itirmək üçün özünə qarşı müharibə başladılacağı yalanını xalqına sırımağa çalışır. Əlbəttə, nə dərəcədə inandırıcıdır, orası bəlli deyil. Belə bir zamanda sərhəddə hərbi təlim keçirməkdənsə, İranın öz daxilindəki ixtişaşlara yönəlməsi və prosesi ələ alması daha məntiqli olmalı idi.
Ümid edək ki, rəsmi Tehran hələ ağlını itirməyib. Ölkəsində bütün sahələr üzrə ciddi tənəzzülə uğrayan, beynəlxalq əlaqələrdə kifayət qədər böhran yaşayan, dünyada ən çox gözdən düşən idarəetmə sisteminə malik bir rejim qonşuluğunda olan bir Türk dövlətinə qarşı açıq savaşa cəsarət göstərməz. Regional miqyasda geosiyasi və geoiqtisadi layihələrdən pay almaq hesab-dəftəri ilə sadəcə, quru təhdidə və terrora əl ata bilər ki, bu da uzun illərdir, müşahidə etdiyimiz, İrana xas imperialist və şovinist sifətdir.
- Bölgədə proseslər çox sürətlə gedir. Başdöndürücü sürətdə baş verən proseslərdə Prezident İlham Əliyevin Gürcüstan səfəri də diqqət çəkir. Orada keçirilən görüşlər, verilən mesajlardan nə başa düşülməlidir?
- Rusiya üç əsrdir, Qafqazda hegemonluq edir və bölgəni nəzarətdə saxlamaqdan ötrü hər cür təzyiq, təhdid nöqtələri yaratmaqdan çəkinmir. Bu mənada Qafqaz xalqlarının hər biri fərqli şəkildə rus əsarətindən öz nəsibini alıb. Əsrlərdir, coğrafiyamızda "Xalqları parçala və hökm sür!" siyasətini yürüdür və təəssüf ki, biz də onun bu siyasətinin qurbanı olmuşuq. Ancaq son zamanlar xalqlar artıq Rusiya tabeliyində olmaq istəmir, bunu hər fürsətdə dilə gətirir. Bu baxımdan bizim hər zaman vurğuladığımız Qafqaz Evi ideyasının gerçəkləşməsi olduqca önəmlidir.
Bizim son dərəcə vacib hesab etdiyimiz bir sıra strateji məsələləri Azərbaycan siyasi hakimiyyətinin xarici və daxili gündəliyinə sala bilməyimiz, AY Partiyanın cəmiyyəti ideoloji cəhətdən hazırlayıb idarəetməyə təsir imkanları formalaşdıra bilməsindən irəli gəlir.
Dövlətin sabahına strateji yanaşma sərgiləmək lazımdır, biz iki ildir, deyirik ki, Cənubi Qafqazın 3 ölkəsi bir araya gəlməlidir və Qafqaz evi ideyası yaranmalıdır. Azərbaycan Ermənistan arasında yaranacaq sülh prosesindən sonra da mütləq Gürcüstanla birgə bir yerdə bir sıra məsələləri həll etməliyik. Eyni mövqeyi prezident İlham Əliyev də ortaya qoydu və əlbəttə ki, siyasi hakimiyyətin məsələyə bu istiqamətdə yanaşması sevindiricidir.
Bu barədə Gürcüstan baş nazirinin də dilindən eşitməyimiz bir daha layihənin əhəmiyyətini ortaya qoymuş oldu. Baş nazir çıxışında dedi ki, dünyada baş verən hadisələr yalnız sülh və sabitlik yolu ilə həll olunmalıdır. Bu, həm bizim regionumuz, həm də xalqlarımız üçün vacibdir. Qafqaz Evinin yaradılmasının vaxtı nəinki çatıb, hələ gecikir deyə bilərik. Çünki bir damın altında əmin-amanlıq şəraitində, birgə, sülh içində yaşamağı bacaran bütün qonşu xalqlar kimi, bizim də buradakı hüzurumuz, o cümlədən rifahımız sahibi olduğumuz coğrafiyada yaranacaq bərabərhüquqlu əməkdaşlıqdan asılıdır.
- Üç Qafqaz xalqının birlikdə sülh şəraitində yaşaması ehtimalı nə qədərdir?
- Ümumiyyətlə, hər üç xalqın birlikdə yaşaya bilməsi faktına görə, Gürcüstan hər cəhətdən bizdə ümid yaradan yaxşı bir modeldir. Gürcüstanda səfərdə olan dövlət başçısı Əliyev əbəs yerə demədi ki, özünü evindəki kimi hiss edir. Yarım milyondan çox azərbaycanlının vətəndaşı olduğu Gürcüstanda ondan bir qədər az erməni yaşayır. Deməli, birgə yaşamağın modeli var.
Cənubi Qafqaz bu mənada onu təşkil edən bütün xalqların ortaq evidir. Elə bir vəziyyət yaradılmalıdır ki, bu platforma ilə hər kəs hesablaşa bilsin. Qafqaz Evinin mütərəqqi dünya ilə sıx əlaqələri və təhlükəsizlik zəmanəti olan müstəqil bir beynəlxalq subyekt kimi meydana çıxması, həm də o anlam daşıyacaq ki, Rusiya və İran regionda söz sahibi olmaq imkanlarınl itirəcək. Elə bu səbəbdəndir ki, Azərbaycan Yüksəliş Partiyası olaraq, biz Qafqaz Evi ideyasının reallığa çevrilməsi üçün var gücümüzlə çalışırıq, bu prosesi daha ciddi platformalara qaldırmaq məqsədilə işlər çoxaldılmalı və sürətləndirilməlidir. Gürcüstan birləşdirici ölkə rolunü öz üzərinə götürə bilər. ABŞ tərəfindən də yüksək qiymətləndirilən Prezident Əliyevin son Tiflis səfərini, orada verdiyi mesajları da sülh müqaviləsi öncəsi barışa doğru bir mesaj hesab etmək olar. Azərbaycan-Gürcüstan-Ermənistan birgə danışıqları təklifi məhz haqqında danışdığımız Qafqaz Evi platformasının yaradılması baxımından yaxşı başlanğıc olardı.
- Son zamanlar Rusiya ilə bağlı Azərbaycan tərəfinin mövqeyi, rəsmi şəxslərin açıqlamaları, dövlət televiziyasında bu ölkənin işğalçı adlandırılması, Rusiyaya nota verilməsi nə ilə bağlıdır? Bu, Rusiyanın təsirinin azalması kimi qiymətləndirilməlidir, yoxsa müvəqqəti xarakter daşıyır?
- Təbii ki, son günlər Rusiya telekanallarında məqsədyönlü şəkildə irtica xarakterli verilişlərin aparılmasına Azərbaycan ictimaiyyəti də, hökuməti də səssiz qalmamalı idi. Ümumiyyətlə, xalqın gözü tərəzidir, nə zaman dövlət səviyyəsində Rusiya və İrana tutarlı cavab verilir, xalqımız və cəmiyyətimiz də bu dalğaya qoşularaq bu ölkələrin imperialist siyasətinə meydan oxuyur. Xalqımız yalnız bu iki ölkə, xüsusilə də Rusiya ilə bağlı məsələlərdə öz təbii hisslərini daha qabarıq önə çıxarır. Bu, çox önəmli məsələdir. Xüsusi olaraq qeyd edək ki, Rusiya Federasiyası hələ də imperialist və şovinist idarəetmə xəttinə sadiq ölkədir və Azərbaycan xalqının son 200 ildə yaşadığı faciələrin, müsibətlərin ən böyük səbəbkarıdır. Rusiya ilə bağlı qaysaq bağlayan yaralarımız çoxdur. Ara-sıra o yaraların qaysağı qopur və bizə acı verir. Bu gün də Qarabağda baş verənlər sürətlə zəifləyən və mövqe itirən başıpozuq Rusiyanın bizə yaratmaq istədiyi yeni-yeni sıxıntılardır. Cənubi Qafqaz artıq ruslar üçün də dar olmağa başlayıb və Moskva regionda yarana biləcək istənilən sülhü, barışı pozmaq barədə baş sındırır. Ukraynada apardığı işğalçılıq müharibəsi fonunda bütün sahələr üzrə geriləyən və uduzacağını çox yaxşı anlayan Kreml dünyanı başqa müharibələrlə hədələməklə yeni qaynar nöqtələr yaratmaq istəyir. Revanşizm hisslərilə alışıb-yanan Qarabağdakı erməni separatçı qüvvələri bu planda ön sırada gedir. İsterika içində olan Putin əlbəttə, hansısa ölkəni yaralamaq istəyir və hər nə qədər də aralarında mehriban qonşuluq ab-havası təsiri bağışlasa da, istisna edilmir ki, Rusiya bəzi məsələlərdə yola getmədiyi Azərbaycanı cəzalandırsın. Biz həm dövlət, həm xalq, həm cəmiyyət olaraq Rusiyadan gələ biləcək ən pis ssenarilərə qarşı ayıq-sayıq olmalıyıq. Ən son, ümumiyyətlə uzun illərdən bəridir, ruslarla münasibətləri hər zaman üst səviyyələrdə təqdim edən dövlət televiziyasındakı demarş boşuna deyildi.
Doğrudur, olub ki, Rusiyaya ölkəmizin rəsmiləri ara-sıra yumşaq notalar veriblər. Bu da çox vaxt, ya məsuliyyətsiz siyasətçinin, ya da jurnalistin Azərbaycana qarşı sərsəm çıxışı ilə bağlı olub. Budəfəki nota da Rusiyada yayımlanan bir televiziya verilişi ilə bağlı olub. Bu kimi məsələlərə dövlətin çevik reaksiya verməsini təqdir edirik və belə də olmalıdır. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, dövlətlər bir-birinin ərazi-bütövlüyünə, suverenliyinə hörmət etməlidir. Rusiyaya başa salınmalıdır ki, Azərbaycan müstəqil dövlətdir, hər hansı quberniya deyil. Moskva bəzi nostalji siyasi stereotiplərdən imtina etməlidir. Əgər Azərbaycanda hansısa bir televiziya Tatarıstan Respublikasını, yaxud Çeçenistanı müstəqil hüquqi subyekt kimi göstərsə, bu, Kremlin xoşuna gələr?! Gəlməz! Buna görə, hər kəs öz yerini bilməlidir. Dövlətin qüruruna toxunmaq yolverilməzdir!
Azərbaycan tərəfi öz dövlət maraqlarından çıxış edərək bu kimi müəyyən diplomatik addımlar ata bilər. Lakin əsas məsələ Rusiyanın işğalçı siyasətinə son qoymaqdır, sülhməramlı adı altında ölkəmizin suveren ərazilərinə daxil edilmiş ordu birliklərinin çıxarılmasıdir və ən önəmlisi, Cənubi Qafqazın rus əsarətindən qurtularaq əbədi sülhü təmin etməkdir. Ümumiyyətlə isə heç kimə sirr deyil ki, Rusiya-Ukrayna müharibəsi zamanı, bu deyim yerindədirsə, Kremlin bütün ayıbları ortaya tökülmüş oldu. Hərbi sənayesinin zəifliyi, elmi-texniki tərəqqidən uzaq düşdüyü, müharibə istəməyən vətəndaşlarının prezidentin siyasətini dəstəkləmədiyi və s. bu kimi bir çox məsələ aşkarlandıqca, yavaş-yavaş Rusiya mifi dağılmağa başladı. Daha heç bir ölkə Rusiyadan qorxmur. Qardaş Qazaxıstanı bu mənada son vaxtlar atdığı bir çox qətiyyətli addımlar fonunda fərqləndirə bilərik.
İkinci Qarabağ müharibəsində Azərbaycanın özəlliklə Türkiyənin hərtərəfli dəstəyi ilə zəfər qazanması Rusiyanın Qafqazdakı nüfuzuna da ağır zərbə vurdu. Ermənistanın Rusiyanın buxovundan qurtulma cəhdi, Azərbaycanın sürətlə və qarşısıalınmaz bir şəkildə Türkiyə ilə tarixdə görülməmiş yaxın təmasları, Şuşa Bəyannaməsinin imzalaması Rusiyanın artıq Qafqazda təsirini zəiflədən amillərdir. Coğrafiyanın sahibləri geri dönüb! Belə bir zamanda Putinin Ermənistan və Azərbaycan rəhbərliyini Moskvada üçlü görüşə dəvət etməsi Rusiyanın itirdiyi nüfuzunu geri qaytarmağa çalışmasından başqa bir şey deyil.
- Azərbaycan hakimiyyətinin daxili idarəetmədəki çatışmazlıqlarını ən çox tənqid edən siyasi təşkilatlardan birisiniz. Məlumdur ki, ciddi müzakirələrə səbəb olan “Siyasi partiyalar haqqında" qanun layihəsi ilə bağlı parlamentdə dinləmələr keçirildi. AY Partiya və daha onlarla partiya layihə ilə bağlı təkliflər vermişdi. Amma görünən odur ki, təkliflərə ciddi yanaşılmayıb. Qanun bu qədər etiraza baxmayaraq, qəbul oluna bilərmi? Olunacağı təqdirdə ölkədə siyasi fəaliyyət azadlığı məhdudlaşmayacaqmı?
- "Siyasi Partiyalar haqqında" qanun layihəsinin beynəlxalq hüquq standartlarından uzaq olduğu indiki müzakirəyə çıxarılan variantında qəbulu XXI əsrdə özünə hörmət edən, açıq cəmiyyət, demokratik, hüquqi idarəetmə yolu seçən bir dövlət üçün yolverilməzdir. Bəli, bu qanun layihəsi ilə bağlı biz də öz təkliflərimizi vermişdik. Ancaq nəzərə alınacaq, ya yox, bəlli deyil. Ən son parlamentdə müzakirələrə də dəvət olunmadığımızı qeyd edim, halbuki bundan qabaq təxirə salınan dinləmələrə dəvət almışdıq. Ola bilsin, siyasi hakimiyyətdə bizim bu müzakirələrdə iştirakımızı istəməyən qüvvələr var. O da görünür ki, bizim təkliflərə ciddi yanaşılmayıb. Qanun bu qədər etiraza baxmayaraq, qəbul oluna bilərmi?
Fakt budur ki, ölkənin demokratik, siyasi inkişafı hələlik Azərbaycanın siyasi hakimiyyətinə kabus kimi gəlir. Lakin əminəm ki, bu qanun qəbul edilsə belə, çox davam etməz. Çağın tələblərinə cavab verməyən qanunlarla ölkədə ictimai-siyasi münasibətləri tənzimləmək o qədər də asan olmayacaq. Bunun siyasi nəticələri ölkə üçün arzuolunmaz hadisələrə səbəb ola bilər. Bu layihə birbaşa ölkədə siyasi fəaliyyət azadlığını məhdudlaşdırmağa yönəldilib. Layihənin qəbulu düşünürük ki, Azərbaycanın demokratik imicinə ağır zərbə vuracaq. Nəzərə alsaq ki, Azərbaycanda demokratiyanın varlığına dünya ictimaiyyəti ikitərəfli baxır, o zaman biz bu layihə üzərində bir daha düşünməliyik. Biz ölkəmizi çoxpartiyalı sistemdə, plüralist, demokratik və azad, hüquqi dövlət kimi görmək istəyirik, mübarizəmiz də bu istiqamətdədir. Partiya olaraq bizim bir şüarımız var: İnan, dəyişirik! Şübhəniz olmasın ki, dəyişəcəyik. Hürriyyət havasını xalqımıza tənəffüs etdirəcəyik.
Seymur Bənnayev
SİTAT.İNFO