"Qafqaz evi" ideyası gündəmdə: "Ermənilər bölgəni 30 il dala saldı, amma gec olsun, güc olsun..."

16:10 26 Oktyabr 2022

"Cənubi Qafqaz Respublikalarının iqtisadi əməkdaşlığının çox böyük perspektivləri var, sadəcə illərdir bunun qarşısında ən böyük əngəl Ermənistanın Azərbaycan ərazisini işğal etməsi, aqressiv və düşmən tutumu idi. İkinci Qarabağ savaşından və Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının intensivləşməsindən sonra bölgədə dayanıqlı sülh üçün kövrək də olsa ümidlər yaranıb".

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Sitat.info-ya açıqlamasında deyib. 

Onun sözlərinə görə, 2021-ci ildə Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,1 milyard dollardan çox olub, ötən il Gürcüstan ilə Ermənistan arasında ticarət dövriyyəsi isə cəmi 102 mln. 614 min dollar təşkil edib: " Azərbaycanla Ermənistan arasında rəsmi heç bir ticarətin olmadığını nəzərə alsaq, Cənubi Qafqaz ölkələrinin qarşılıqlı ticarət dövriyyəsi cəmi 1 mlrd. 200 mln. dollar civarındadır ki, bu da çox aşağı göstəricidir.

Son 30 ildə Azərbaycan – Ermənistan münaqişəsindən müəyyən dividentlər götürən ölkə Gürcüstan idi, yol və kommunikasiyaların Gürcüstandan keçməsi, Türkiyənin Ermənistana satdığı mallar məhz Gürcüstan üzərindən olması əlavə dividentlər gətirirdi. Bundan başqa Türkiyədən Azərbaycana, Orta Asiyaya, qismən də Rusiyaya gedən bütün yük maşınları Gürcüstanın “Sarp” və “Axalsıx” sərhəd-keçid məntəqələrindən Gürcüstana daxil olaraq yüzlərlə km yol qət edib Azərbaycan sərhəddinə çatır və illərdir yol boyu həmin yük maşınlarına görə böyük infrastruktur qurulub, kafelər, restoranlar, motel və otellər, təmir məntəqələri – yüzlərlə belə obyeklərdə minlərlə Gürcüstan vətəndaşları çalışarırlar, onlar həm özləri qazanır, həm də vergi ödəyicisi olaraq büdcəyə də dəstək olurdular".

İqtisadçının sözlərinə görə, indi logistik əlaqələrin qurulması Gürcüstanı narahat edir: " Xülasə, son 30 ildə Gürcüstan münaqişənin iqtisadi “benefisiarı” idi – məhz buna görə də Cənubi Qafqazda nəzərdə tutulan yeni koridorlar və logistik marşrutların açılması onların iqtisadi maraqlarına toxuna biləcəyindən çəkinirdilər. Amma çəkincələri yersizdir, qardaş Gürcüstan Respublikası bölgənin sülh və açılım şəraitində yaşamasından indikindən daha çox iqtisadi fürsət və gəlir götürəcək. Çünki, hələ uzun müddər qarşılıqlı güvən təsis olunmayacağına görə Azərbaycan və Türkiyə biznesi Ermənistana Tiflis üzərindən açılacaq, mərkəz yenə də Tiflis olacaq – narahat olmasınlar. Gürcüstan Azərbaycanın təbii iqtisadi uzantısı, dünyaya açılan qapısıdır, bu Zəngəzur Koridorları açılandan sonra da belə qalacaq".

N.Cəfərli hesab edir ki, ümumiyyətlə, zaman-zaman önə çıxan, sonradan unudulan “Ümumi Qafqaz Evi” ideyasının yenidən gündəmə gəlməsi, altının doldurulması zamanıdır: " Hər üç ölkənin taleyi də, istiqaməti də birdir – sadəcə Ermənistanın təcavüzü ötən əsrin 90-larında bu işi pozdu, münaqişə olmasaydə hələ ötən əsrin sonunda hər üç Respublika Baltikyanı ölkələr kimi Avropa məkanına inteqrasiya ola bilərdilər, ermənilərin düşüncəsiz və aqressiv davranışları, işğal xülyaları Cənubi Qafqazı 30 il dala saldı, amma necə deyərlər, “gec olun-güc olsun”...". 



Xəbər xətti