Son illər neftin dünya bazarındakı qiyməti kəskin ucuzlaşdı və artıq post-neft dövrünün yaxınlaşdığı anons edildi. Lakin beynəlxalq siyasətdəki son hadisələr neftin və təbii qazın qiymətinin yenidən bahalaşması ilə nəticələndi.
İdxançı ölkələr üçün bu çətin olsa da, Azərbaycan kimi enerji resurslarının istehsalçısı olan dövlətlər bu bahalaşmadan əlavə gəlir əldə edirlər. İqtisadçılar isə hesab edir ki, artıq alternativ enerji sahəsinə də çox ciddi yatırımlar edilir və yaxın gələcəkdə neftə tələbat azalacaq, qiymətlər kəskin enəcək. Bu resurs ölkələrində qeyri-neft sektorunun inkişafı üçün sonuncu şansdır. Çünki artan vəsaitlərdən iqtisadiyyatın inkişafında bir maliyyə mənbəyi kimi istifadə etmək olar.
Bəs görəsən, Azərbaycanın neft-qaz satışından aylıq gəlir nə qədərdir? Bu vəsaitlərdən qeyri-neft sektorunun və bölgələrimizin inkişafı üçün hansı formada istifadə etmək olar?
Deputat, iqtisadçı alim Vüqar Bayramov Sitat.info-ya açıqlamasında bu suallarını cavablandırıb.
Onun sözlərinə görə, neftin bazar qiymətinin artması ölkəyə daxil olan valyutanın həcminin artmasına gətirib çıxarır: "Nəzərə alsaq ki, 2022-ci ildə ilk dəfə olaraq Azərbaycanın mavi qaz satışından əldə etdiyi gəlirlər neft satışından əldə etdiyi gəlirlərlə bərabərləşdi. Uzun müddət enerji gəlirlərimizi yalnız neftdən daxilolmalar təşkil edirdi, lakin artıq bir tərəfdən mavi qaz ixracatının artması, digər tərəfdən qazın qiymətinin yüksək olması ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Eyni zamanda bu, təbii ki, valyuta ehtiyatlarımızın 55 milyard dollara qədər yüksəlməsinə gətirib çıxaran əsas səbəblərdəndir".
V.Bayramov vurğuladı ki, neftin və qazın qiymətinin artması səbəbi ilə ölkəyə daha çox valyutaların daxil olması dövlət büdcəsində öz əksini tapır.
Deputat onu da qeyd edib ki, büdcə gəlirləri 2023-cü il üçün müstəqillik illərinə görə ən yüksək məbləğdə olacaq:
"Neft və qazın qiymətinin artması Azərbaycan üçün həm də sosial proqramlara daha çox vəsaitin ayrılmasına imkan yaradır. Bu kontekstdə bizim də təklifimiz ondan ibarətdir ki, həm sosial proqramların genişləndirilməsi, həm də bu istiqamətdə sosial sahəyə ayrılan vəsaitin artırılması məqsədəuyğundur".
V.Bayramov diqqətə çatdırdı ki, artıq 2023-cü ildə dövlət büdcəsindən sosial ayırmaların artırılması nəzərdə tutulur: " Eyni zamanda növbəti il ilk dəfə olaraq ehtiyac meyarı ilə yaşayış minimumu bərabərləşəcək. Ünvanlı sosial yardım alanların təqaüdlərinə də dövlət büdcəsindəki artım birbaşa müsbət təsir göstərəcək. Bu baxımdan təbii ki, neft və qazın satışından əldə edilən gəlirlər birmənalı şəkildə dövlət büdcəsindən sosial istiqamət də daxil olmaqla digər sahələrə daha çox vəsaitin ayrılması üçün maliyyə bazasını formalaşdıracaq".
Nərgiz,
SİTAT.İNFO