"Əvvəlcə onu qeyd etmək lazımdır ki, Rusiya Cənubi Qafqazda qüvvələr nisbətini öz xeyrinə dəyişməyə cəhd edir. Çünki, son vaxtlar Rusiya regiondakı mövqelərini ciddi şəkildə əldən verib. ABŞ və Qərb Rusiyanı tədricən Cənubi Qafqazdan sıxışdırıb, çıxartmağa başlayıb. Ona görə də, Kreml Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmağa Rusiyanın regional maraqlarını xilas etməyə çalışır".
Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli səsləndirib.
Onun sözlərinə görə, yaxınlaşan Brüssel görüşü ərəfəsində Rusiyanın tez-tələsik dövrəyə girməsi də məhz Kremlin zamanının daralmasından xəbər verir: "Çünki, Brüssel görüşü uğurlu nəticələr ilə yekunlaşarsa və yaxın iki ay ərzində sülh sazişi imzalanarsa, Rusiyanın Ermənistandakı hərbi bazasına ehtiyac qalmayacaq. Eyni zamanda növbəti mərhələdə Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinin dayandırılması gündəmə gələ bilər. Yəni, Cənubi Qafqazda Rusiya üçün həlledici mərhələ artıq başlanmış kimi görünür".
E.Xalidbəyli vurğuladı ki, Kreml sülh prosesini pozmaq, regional vəziyyəti yenidən hərbi gərginlik səviyyəsinə çatdırmaq üçün "Dağlıq Qarabağ məsələsi"ni yenidən gündəmə gətirməyə çalışır: "Soçi üçtərəfli görüşündə Kremlin bu məsələni imzalanması gözlənilən sənədin mətninə salmağa çalışdığı bildirilir. Ancaq rəsmi Bakının buna imkan verəcəyi qətiyyən inandırıcı deyil. Rəsmi Bakının diplomatik kanallar ilə bu barədə Rusiyaya etiraz etdiyi barədə də məlumatlar var. Rəsmi Bakı birmənalı şəkildə bəyan edib ki, bu məsələ artıq həll olunub, Xankəndi və ətraf bölgə ilə bağlı məsələ Azərbaycanın daxili işidir. Azərbaycan öz daxili məsələsini heç bir dövlətlə müzakirə etmək niyyətində deyil".
Siyasi şərhçinin sözlərinə görə, müzakirəyə çıxarılacaq üçtərəfli sənədin mətninə "Dağlıq Qarabağ" mövzusu salınarsa, Azərbaycan Prezidenti İlham Əliyev Soçidə onu imzalamayacaq: " Bu, Xankəndi və ətraf bölgəsindəki rus sülhməramlıların "mandatının uzadılması" ilə bağlı rəsmi İrəvanın provokotiv çağırışlarına da aiddir. Rəsmi Bakı bu məsələyə də razılıq vermək niyyətində deyil. Əslində, rus sülhməramlıları elə indi də hüquqi cəhətdən mandatsız fəaliyyət göstərirlər. Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin mandatını hələlik təsdiqlənməyib. Yəni, olmayan mandatın uzadılması mövzunun gündəmə gətirilməsi siyasi provokasiyadan başqa bir şey deyil".
E.Xalidbəyli diqqətə çatdırdı ki, bütün bunları nəzərə aldıqda, Soçi görüşündə hansısa ciddi irəliləyişlərin olacağı o qədər də inandırıcı görünmür: "Bu baxımdan, Rusiyanın Qərbin vasitəçilik missiyasını iflasa uğratmaq imkanları qətiyyən cəlbedici deyil. Rusiyanın bundan Cənubi Qafqazdakı sülh prosesində nələrisə dəyişə biləcəyi də real deyil. Böyük ehtimalla Kreml Rusiyanın regional maraqlarını xilas etmək məqsədilə son cəhdlərini edir. Əgər, bu dəfə də uğur qazana bilməzsə, Rusiyanın Cənubi Qafqazdan çıxması geriyə dönüşü olmayan prosesə çevrilə bilər".
Məğrur,
SİTAT.İNFO