Rusiya Cənubi Qafqazda uduzarsa, İran regiona girmək üçün mübarizə aparacaq - ANAR ƏSƏDLİ

13:53 1 Noyabr 2022

"İranın 90-cı illərdən -  müstəqilliyimizi bərpa etdiyimiz ilk vaxtlardan, ondan sonrakı dövrlərdə - Ermənistanın ərazilərimizi işğal prosesi boyunca və xüsusilə 44 günlük savaş dönəmində sərgilədiyi mövqe hər zaman Ermənistanın mənafeyinə xidmət edib. Lakin Azərbaycan ordusunun 44 günlük savaşdakı zəfərindən sonra İranın əsəbləri tab gətirmədi və Azərbaycana qarşı olan niyyətini çox açıq şəkildə biruzə verdi". 

Bu sözləri Sitat.info-ya açıqlamasında AY Partiya başqanı Anar Əsədli bugünki Paşinyan-Rəisi görüşünü dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, müddət öncə İranın ali dini lideri Ayətullah Əli Xameneinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Qarabağla bağlı paylaşdığı tvit isə əslində rəsmi Tehranın Ermənistanın tərəfində olduğunun açıq şəkildə elanı idi: "Məlumdur ki, Qarabağın ətrafı, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistan, Azərbaycan və İran, eləcə də ABŞ və Rusiya arasında müəyyən fikir ayrılıqları var. Bu və Azərbaycanın verilən təminatların yerinə yetirilməsini tələb etməsi mövcud vəziyyəti xeyli gərginləşdirib, hətta müharibə ritorikası həddinə çatdırıb. 
 Yaranan mənzərə onu göstərir ki, İran indiyə qədər passiv, seyrçi qaldığı məsələlərdə aktiv yer almaq istəyir. Bu hal özlüyündə bir o qədər təhlükəli deyil, lakin prosesin Rusiya-Ukrayna savaşı fonunda baş verməsi nəticəni dəyişə bilər. Belə ki, Ukrayna cəbhəsində zəifləyən Rusiyanın çəkildiyi nöqtələrin İran tərəfindən doldurulması cəhdləri və bununla bağlı Moskva-Tehran razılaşmasının olması mümkündür". 


 
A.Əsədli bu qənaətdədir ki,  Rusiya Cənubi Qafqazda uduzacağı halda İranın Cənubi Qafqaza girmək üçün apardığı mübarizəni müşahidə edəcəyik: "Bu görüşü də sadaladığım aspektdən dəyərləndirə bilərik. Baxın, Rusiyanın Qərbin vasitəçiliyi ilə aparılan sülh danışığına qarşı planladığı Soçi görüşünun nəticəsiz qalması və bu nəticəsiz görüşün ardından Paşinyanın dərhal Rəisi ilə görüşməsi də yuxarıda sadaladığımız ehtimalları daha da qüvvətləndirir. 
 
Partiya sədri vurğuladı ki, digər tərəfdən, Türkiyənin Cənubi Qafqazdakı gücü və nüfuzu da İranı çox rahatsız edir: "Bu baxımdan “cəllad prokuror” ləqəbi ilə tanınan İranın yeni prezidenti Rəisinin hakimiyyətə gəldiyi gündən türk düşməni olduğunu nümayişkaranə şəkildə göstərməsinə də diqqət etmək vacibdir".

Məğrur Salmanov,

SİTAT.İNFO



Xəbər xətti