"Dövlət büdcəmizdə Xankəndi ayrıca sətirlə qeyd olunmalıdır" - Zahid Oruc DANIŞDI

12:30 2 Noyabr 2022

"Soçi görüşü öncəsi Xankəndində düzənlənən kütləvi aksiya heç şübhəsiz ki, müxtəlif paytaxtlara siyasi mesaj niyyətli idi və onun planlaşdırıcıları, ssenaristləri bundan ötrü yetərincə əziyyət, xərc çəkmiş, təşkilati işlər görmüşdülər. 

Bu anlamda prosesləri sanki müəyyən qədər qabaqlamaq və informativ mühitdə birinciliyi ələ keçirmək istəyirdilər. Amma sonda onların istəkləri bütünlüklə iflasa uğradı. Faktiki olaraq Soçi görüşündən sonra Xankəndində, "aksiyanın heç bir səmərəsi olmadı", "biz aldadıldıq" mövqeyi hökmranlıq edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib. 

Onun sözlərinə görə, əgər informasiya seqmentlərinə, ciddi kontent analizinə baş vursaq biz görərik ki, bu gün Ermənistanın politoloji, siyasi fikir sahibləri, ictimai rəy liderləri o cümlədən vətəndaş jurnalistikasının təmsilçiləri onların xəyal qırıqlığına uğradığını yazırlar: "Biz 1988-ci illərin mesajını vermək istəyirdik, əsas niyyətimiz bu idi və o zaman da biz başlamışdıq, major notlarda həmişə birinciliyi saxlayırdıq, sona qədər də getdik" deyənlər bu dəfə tam əksini söyləyirlər ki, "yox  başlanğıcda bizə çox böyük zərbə gəldi". Çünki faktiki olaraq orada  Qarabağın adının çəkilməməsi, eləcə də Paşinyanın Putinlə görüşdə Rusiyanın sülhyaradıcı missiyasının məsuliyyət zonasında Azərbaycanın silahlı qüvvələrinin çıxarılması, 12-14 sentyabr tarixlərindəki döyüşlərdə Azərbaycanın Ermənistan ərazilərini ələ götürməsi və s. kimi iddialar ortaya qoymuşdu. Bütün bunların heç biri yekun bəyanatda öz əksini tapmadı. Həmin görüşdə biz cənab Prezidentimizin rəhbərliyi ilə əldə olunan qələbənin müdafiə olunduğunun şahidiyik". 

Deputat vurğuladı ki, Xankəndi ilə əlaqələri qurmaq üçün ciddi dövlət proqramlarına ehtiyac var: "Xankəndi ilə əlaqələr, təmaslar heç bir halda onların mitinqlərinə, aksiya və tədbirlərinə, bəyanatlarına, qərarlarına, Ermənistanın 360 milyon dollarlıq gələn ilki büdcə mövqeyinə görə qurulmamalıdır. Prosesi birincilik səviyyəsində saxlamağımız üçün mütləq həmin ərazilərə yönəlik mühüm dövlət proqramlarına, planlarına, həm strateji, həm yaxınvədəli ciddi tədbirlərə ehtiyacımız var. 

Bunlar tam da açıqlanmamalıdır. Mən özüm də bu mövqedən bir qədər daşınaraq yalnız konseptoloji olaraq söyləmək istəyirəm ki, bütün addımlar yalnız hərbi-silahlı əməliyyatlar kontekstində olmamalıdır, çünki bu düşmənin və onun himayədarlarının istəyidir". 

Millət vəkili hesab edir ki, artıq 2020-ci ildəki tarixi şərait deyil və biz addımlarımızı "ermənisiz Qarabağ"a hesablamamalı, əvəzində hərbi gücü əlimizdə saxlamaq şərtilə iqtisadi-siyasi əlaqələr qurmağa çalışmalıyıq:

"2020-ci ildəki 44 günlük zəfər hərəkatımız bir sıra qlobal güclərin gözləmədiyi zamanda baş verdi. Onlar regionu buna görə bir qədər itirdiklərini düşünürlər. Artıq hərbi-siyasi balans dəyişib. Belə şəraitdə biz qəti şəkildə yol verə bilmərik ki, bütün erməniləri oradan çıxaraq və açıq şəkildə bir savaşın tərkib hissəsinə çevrilək. Bununla biz "Ermənisiz bir Azərbaycan, Qarabağ qurmaq istəyirik" siyasəti üçün əsaslar yaratmış oluruq. Əlbəttə ki, hərbi qüvvələrinə zərbələr qarşıdakı dövrdə də dəyəcək lakin heç bir halda siyasi, iqtisadi, təsərrüfat və s. kimi subyektlər üzərində əlaqələr qurmaqdan daşınmamalıyıq. 

Dünən Soçidə qəbul olunmuş bəyanatın yekun abzası da məhz bu məsələlərə həsr olunub. Bu qəti bir şəkildə yalnız xalq diplomatiyası sayıla bilməz.  Cənab Prezidentin Putinlə görüşdə söylədiyi kimi "Biz Qarabağ məsələsini artıq tarixlə keçilmiş bir yol hesab ediriksə daha çox reinteqrasiya ilə dövlət kursumuzu elan edə bilərik. Orada yaşamaq istəyən ermənilərin hansı hüquqlarının olduğunu, onların gözləntilərinin gerçəkləşməsi üçün imkanların və bizim qanunvericilik təminatlarının olduğunu  ortaya qoyduqda, bu bizim silahlı əməliyyatımızın davamı olacaqdır". 

Z.Oruc vurğuladı ki, müharibə təkcə silahla deyil, həm də iqtisadi alətlərlə aparılır: "Geopolitik məkanda, hibrid maddələr sahəsində dövlətlərin öz mənafelərini sürdürməsi, irəliyə aparması yalnız tanklar, toplar və dronlar üzərində olmur. Bu mütləq digər sahələr üzərində də ciddi fəaliyyətləri tələb edir. Bu gün Şuşanın yenidən qurulması böyük qayıdışın Kəlbəcərdən Zəngilana və Zəngəzur mahalına qədər davam etməsi, öz-özlüyündə müharibənin ayrı müstəvidə digər vasitələrlə aparılması deməkdir. Ona görə də, bizim Xankəndi ilə bağlı qarşıdakı dövrdə büdcədə onun ayrıca sətirlə müəyyənləşdirilməsi daxil, bütün tədbirləri ələ almalıyıq ki, biz Azərbaycanın 86.6 min km²  ərazisinin hər bir millimetrinin üzərində öz suveren haqqlarımızı bərqərar edək. Bu qəti şəkildə öz əksini tapmalıdır. Necə ki, Azərbaycanın  digər rayonları beynəlxalq danışıqlarının mövzusu deyilsə, eləcə də Xankəndi və ətraf rayonlar elə olmalıdır".

Gülsüm Hacızadə,

Seymur Bənnayev,

SİTAT.İNFO



Xəbər xətti