Xəbər verdiyimiz kimi, Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək. Bunu Mirzoyan bildirib. Lakin o, görüşün dəqiq tarixini açıqlamayıb. “Görüş bir neçə günə baş tutacaq”, - nazir söyləyib.
Bəs görəsən bu görüşün digərlərindən fərqi nə olacaq?
Mövzunu Sitat.info-ya açıqlamasında təhlil edən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, hazırda böyük güclər Cənubi Qafqazda söz sahibi olmaq uğrunda mübarizə aparır: "Əvvəllər də dediyimiz kimi, Cənubi Qafqazda Rusiya, ABŞ və Avropa İttifaqı arasında mübarizə gedir. Hər bir tərəf regionda vasitəçi olmaq iddiasındadır. Onlar çalışırlar ki, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi öz moderatorluqları ilə imzalansın. Beləliklə, bölgədəki mövcudluqlarını gücləndirmək niyyətindədirlər. Adətən tərəflərdən birinin iştirakı ilə keçirilən görüşdən sonra digərləri fəallaşır. Bu mənada Soçi görüşündən sonra ABŞ - ın növbəti müzakirələrə ev sahibliyi etmək cəhdi təsadüfi deyil. Çünki hər bir tərəf digər ikisinin vasitəçiliyindən narahatdır".
K.Novruzov vurğuladı ki, Azərbaycan tərəfi Ermənistanın yaydığı məlumatı təsdiqləyib və indiki məqamda rəsmi Bakı təkliflərə etiraz etməli deyil: "Çünki bu, əleyhimizə istifadə oluna bilər. Amma onu da bilməliyik ki, həm Vaşinqton, həm də Moskva 30 il Minsk Qrupunun həmsədri kimi heç bir işə yaramayıblar. Onlar sadəcə vaxtı uzatmaqla məşğul olublar. Bu mənada nə ABŞ -ın, nə də Rusiyanın səmimiliyindən söhbət gedə bilər. Hər iki dövləti düşündürən ancaq regional maraqlarıdır. Buna baxmayaraq, biz hazırkı mürəkkəb situasiyadan yenə də öz xeyrimizə istifadə edə bilərik. Vasitəçilik iddiasında olan tərəflər öz məqsədlərinə çatmaq üçün daha real və adekvat təkliflərlə çıxış etməlidirlər. Biz də yekun sülh müqaviləsinin imzalanması istiqamətində həmin tezislərdən yararlana bilərik".
Siyasi şərhçinin fikrincə, Azərbaycan tərəfi heç bir gücün həlledici qüvvəyə çevrilməsinə imkan verməməlidir: "Diqqətli olmalıyıq. Elə etmək lazımdır ki, üçüncü güclər, o cümlədən Ağ ev regionda həlledici təsir qüvvəsinə çevrilməsin. Əks halda istədikləri vaxt prosesləri dondura bilərlər. Çox güman, ehtimal edilən üçtərəfli görüşdən sonra Blinken konstruktiv bəyanatlar verəcək, regionda sülh və sabitlik idealına sadiqliyini dilə gətirəcək. Onun Ağ evin sülh üçün əlindən gələni etməyə hazır olduğunu dilə gətirməsi gözləniləndir. Böyük ehtimalla tərəflər əvvəli razılıqlara sadiqliyini bildirəcəklər. Amma ciddi nəticənin əldə olunacağını düşünmürəm. Otuz il səmimi olmayan dövlətdən indi səmimilik gözləmək sadəlövhlük olar".
Məğrur,
SİTAT.İNFO