"Narkomaniya hal-hazırda qlobal problemlərdən biridir. Bütün dünya bu xəstəliyə düçar olub. Narkomaniyanın yayılması iki zidd təbəqə ilə bağlıdır. Birinci qu qrupdan olan insanlar özlərinin düşdükləri çətinlikləri dəf etmək üçün iradə nümayiş etdirə bilmirlər, ona görə öz sığınacaqlarını narkomaniyada görürlər. İkinci qrup isə həddən artıq təmin olunmuş dünyavi zövqlərdən doyan insanlar, qeyri-standart zövqlər hiss etmək məqsədi ilə istifadə edilir. Varlı və kasıb təbəqənin eyni dərəcədə narkomaniyanı qəbul etməsi cəmiyyətdə orta təbəqəni inkişaf etdirməyin vacibliyini göstərir".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, narkomaniyaya qarşı dövlətlər səviyyəsində mübarizə aparılmalıdır: "Məsələn, bu gün narkotranzit deyilən anlayış var. Yəni ki, narkotik vasitələrin daşınma yolları. Bu yolların üzərində olan bütün dövlətlər bu xəstəliyə düçar olur. Dünyanında ən çox narkotik tranzit olunan ölkə Əfqanıstandır. Narkotik Əfqanıstandan İrana, İran üzərindən Azərbaycana, Azərbaycandan isə Avropa və Rusiyaya daşınır. Bu zaman təbii ki, Azərbaycanda bundan çox geniş istifadə olunur. Narkomaniya qeyri-adi dərəcədə böyük gəlirlər gətirdiyi üçün əlində inzibati vasitələr bir çox insanlar narkomaniyadan geniş şəkildə istifadə edirlər. Bir sözlə narkomaniya həm hakimiyyət, həm də cəmiyyətdə olan ədalət sistemi ilə bağlı olan məsələdir".
S.Cəlaloğlu vurğuladı ki, narkomaniyaya qarşı olan mübarizə təkcə narkotacirləri tutmaq ilə bitmir, ilkin olaraq narkotik ticarəti himayə edən şəxslərin neytrallaşması, eləcə də tranzit ölkələrin bu məsələlədrə əməkdaşlıq etməsi önəm daşıyır: "Son hadisədə olanlar ki, Rəşad Dağlı guya narkotikə görə cinayət törədib, mən elə fikirləşirəm ki cinayətin əsas səbəbi təhqir və söyüşlər olub. Narkotikin ən böyük təhdidlərindən biri də aşırı doza nəticəsində gənc nəslin və insanların vaxtından əvvəl dünyasını dəyişməsidir. Bu problemi düşünmək və Azərbaycanda olduqca ciddi tədbirlər görməliyik. İnsanlar narkotik maddənin qəbulundan məhv olublar. Narkomaniyaya meyl etmənin səbəbləri araşdırılmalıdır. Bu təkcə varlı və kasıb təbəqə ilə bağlı deyil. Bu həm şüur, həm tərbiyə, həm də cəmiyyətə inteqrasiya məsələsidir. O insanlar ki, cəmiyyətə inteqrasiya edə bilmirlər belə insanlar üçün narkomaniya ən yaxşı sığınacaq vasitəsidir. Cəmiyyətdə qaranlıq sahələrin qalması, dövlətin nəzarətindən kənar sahələrin qalması da narkomaniyanın inkişaf etməsinə səbəb olur. Narkomaniyaya qarşı dövlət ayrılıqda mübarizə aparsa heç bir effekt verə bilməz. Narkomaniyaya qarşı mübarizədə dövlətlə xalq əl-ələ verərək qalib gələ bilər.
Səid İsaoğlu,
Sitat.info