"Hazırkı şəraitdə ölkədə qiymət artımının qarşısının alınması üçün sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var."
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı alim, UNEC-in professoru Elşad Məmmədov bildirib.
Onun sözlərinə görə, yerli istehsalın stimullaşdırılması, ölkədə istehsalın lokallaşdırılması, idxal səviyyəsinin azaldılmasına ehtiyac var:
"Eyni zamanda bunun üçün ən lazımlı istiqamətlərdən biri kredit siyasətinin yumşaldılması ilə bağlıdır. Biz hazırkı faiz siyasəti ilə yerli istehsalı nə stimullaşdıra bilərik, nə də yerli istehsal proseslərinin lokallaşdırılmasına nail ola bilərik. Ona görə də hesab edirəm ki, mütləq şəkildə pul-kredit məsələsinə yenidən baxmalıyıq, faizlər yumşaldılmalıdır və regional iqtisadi əməkdaşlığın dərinləşməsinə ehtiyac var. Bunun nəticəsində ölkədə istehsal olunan məhsulların satış bazarları genişlənəcək. Biz daha çox istehsal edərək qiymətlərin miqyas hesabının azalmasına şərait yaratmalıyıq".
Professorun sözlərinə görə, ən mühüm məsələlərdən biri də odur ki, ölkədə investisiya yönümlü layihələrin stimullaşdırılmasına ehtiyac var: "Görürük ki, kredit siyasəti nöqteyi-nəzərdən ayrılan kreditlərin böyük hissəsi istehlak və digər istiqamətlərə gedir. İnvestisiyalarda bank kreditlərinin həcmi hesab edirəm ki, kritik dərəcədə azdır. Bazar iqdisadiyyatı şəraitində yalnız dövlət sərmayələri ilə iqdisadi inkişafın dayanıqlığını təmin etmək qeyri-mümkündür. Bunu dərk etmək lazımdır.
Yerli istehsalın stimullaşdırılması ilə paralel idxal olunan məhsulların qiymətlərində artımın qarşısının alınması məsələsində ən önəmli məqamlardan biri fiskal yığımlardır. İstər gömrük rüsumları, istərsə də vergi yığımları mütləq şaxələndirilmiş şəkildə həyata keçirilməlidir. Yerli istehsalın olmadığı sahələrdə və yaxud rəqabət olmayan sahələrdə idxal rüsumlarını müəyyən hallarda hətta sıfıra endirməliyik."
Elşad Məmmədov onu da qeyd edib ki, son nəticədə Azərbaycanın büdcə daxilolmalarında gömrük və vergi istiqamətləri üzrə fiskal yığımlar baxımından rəqəmləri düzgün təhlil etsək, onların hazırda və yaxın illərdə rahat şəkildə Neft Fondundan transferlər hesabına kompensasiyasına nail ola bilərik:
"Belə olduqda qiymət artımının, sosial problemlərin qarşısının alınması üçün mütləq unutmamalıyıq ki, Neft Fondundan transferlərin artırılması kimi bir mexanizm var və o mexanizm effektiv işləməlidir. Eyni zamanda, xarici ölkələrdə dövr edən vəsait ilk növbədə xarici ölkələrin iqtisadiyyatına xidmət edir. İlk növbədə vəsaitin ölkəyə gətirilməsi, mümkün və effektiv istifadə edilməsi zəruridir. O cümlədən, biz gömrük və vergi yumşalmalarının həmin Neft Fondunun fransferləri hesabına kompensasiyasına nail olaraq ölkədə həm sosial mühitin sabitləşdirilməsinə, həm də iqdisadi proseslərin canlandırılmasına nail olmalıyıq".
Seymur Bənnayev,
SİTAT.İNFO