"Tarixin bütün axışlarında izlənən bir xətt var: müttərəqqi ideyaları meydana gətirənlər bəzən unudulur və ya kölgədə qalır, bəzən isə ögey münasibət görür, ideya daşıyıcıları idealist, romantik, xəyalpərəst, gerçəkliyi görə bilməyən kimi təqdim olunur. Bu ideyalar cəmiyyətin müxtəlif qatlarında bərqərar olur".
Bu sözləri SİTAT.İNFO-ya AY Partiya başqanı Anar Əsədli bildirib.
Onun sözlərinə görə, dünənə qədər bu ideyaları daşlayanlar indi ön sırada bayraqla yürüyürlər: "Olsun, buna ancaq sevinərik. Çünki əsas məsələ siyasi meydanda fikirlərin qalib gəlməsidir. Fikirlərimizin Azərbaycan üçün yeganə çıxış yolu olduğuna hər zaman əmin olmuşuq. Bu günün gələcəyini də bilirdik.
Biz deyirdik ki, bütün Türk dövlətləri, xüsusilə Azərbaycan üçün Avropa İttifaqına bənzər Turan İttifaqının yaranması mühümdür və əhəmiyyətlidir.
Biz deyirdik ki, Turan regionda etniküstü hərbi, siyasi, iqtisadi dövlətlər birliyidir. Turan bir qrup fanatik türkçünün ortaya atdığı romantik ideya deyil. Əksinə, kapitalizmin labüd etdiyi birləşib güc olmaq və ya indiki məşhur ifadə ilə desək, "Biz birlikdə güclüyük" praktik ideyasından doğan vacib nəticədir.
Biz deyirdik ki, buna gülən, romantizm qalığı kimi baxanlar siyasi prosesləri bilməyən kəslərdi. Baxın, bu gün Turanın yaranmasında iştirak edən siyasi liderlərin heç biri milliyyətçi cinahın nümayəndəsi deyil.
Yəni, xanımlar və cənablar! Turan artıq bir ideologiya deyil, bunu qəbul edin. Necə ki, millətçi cinahda olmayanlar bu gün TURANı qururlar".
Partiya başqanı əlavə edib ki, Səmərgənd görüşü, oradakı atmosfer, səslənən fikirlər, Türk dövlətləri birliyinin mütləq zərurəti, türk xalqları ailəsi, Təbriz və Güney məsələləri tərəfimizdən son iki ildə platforma şəklində işlənib, fikirlər ətraflı səsləndirilib, məsələyə geniş aspektdən yanaşılıb:
"Səmərqənddə nə baş verdi? Əslində uzun müddətdir ki, inkişaf edən prosesin məntiqi davamını görürük. Şanxay zirvəsi, Qazaxıstan, Türkiyə, Özbəkistan, Azərbaycan dövlət başçılarının son vaxtlar tez tez təkrarlanan qarşılıqlı səfərləri, bir çox məsələ ilə bağlı birgə və ya ümumi marağa xidmət edən bəyanatlar silsiləsindən Səmərqənd görüşü də bir parça oldu.
Türk dövlətləri birləşməyə məhkumdur. Dəyişən siyasi və iqtisadi xəritə bu birləşməni labüd edir. Regionda son əsrlər güc sahibi olan Rusiya çökür. Bütün hərbi infrastrukturu çürümüş bir dövlət dişlərini qıcıya bilər, amma əvvəlki kimi dişləyib pay qopara bilməz. Digər tərəfdən güclənən Çin bu gün müttəfiq, sabah rəqib ola bilər. Güvənli sabahın qarantı birlikdir.
Digər bir tərəfdən, ABŞ öz maraqlarına görə oynmağa çalışır, bir-bir rəqiblərini sıradan çıxarmağa cəhd edir və hələ ki, uğurla irəliləyir bu yolda. Ukrayna savaşında batan Rusiyanın çöküşünü təmin edir, İranın isə inqilab həddində olması şübhə doğurmur. Amerika tərəfinin “Azərbaycanın yanındayıq” bəyanatı da, səmimi dostluqdan xəbər vermir, əlbəttə. Məhz, Səmərqənd görüşündə Azərbaycan prezidentinin çıxışında 40 milyonluq soydaşımızın hüquqi təmsilçisi olmağımızın xatırlanması çağdaş siyasi gerçəklikdə “Bütöv Azərbaycan tezliklə qurula bilər” fikrini yaxın edir. Bizim coğrafiyada ən az ehtimal edilən siyasi gerçəklik Bütöv Azərbaycan məsələsi idi. Amma bu gün bu məsələ də bir çox dövlətlərin maraq dairəsindədir.
Bəli, Səmərqənd görüşü inkişafda olan dəyişim zəncirinin bir parçasıdır. Heç şübhəsiz, yaxın gələcəkdə daha sərt, daha aydın şəkildə səslənən fikirlərə şahid olacağıq. Çünki Türk dövlətlərinin siyasi, hərbi və iqtisadi birliyi artıq çağdaş zamanın tələbi, tarixin diqtəsidir. Unutmayaq ki, dünya üzərində 7 Türk dövləti ilə yanaşı, 50-dən çox kiçik Türk dövləti və əyaləti var.
Göründüyü kimi, Turanın bayrağı, ordusu, coğrafi konturları və üzv ölkələrin siyasi iradəsi artıq hazırdır. Düşünürəm ki, Türk dövlət başçılarının indiyə qədər olan Zirvə toplantılarından fərqli olaraq, Səmərqənd Sammiti Quzey Kıbrısı da müşahidəçi kimi sıralarına qatmaqla “Türk Dövlətləri” ailəsinin strateji mahiyyətini tam göstərə bildi.
Turanın qurulmasını labüd edən həm də zamandır. İki il öncə bir yazımda və çıxışımda vurğuladığım kimi, saatın əqrəbi bizim xeyrimizə işləyir".
Məğrur
SİTAT.İNFO