Deputat Vahid Əhmədov Milli Məclisdəki büdcə müzakirələri ilə bağlı çıxışında qeyd edib ki, bu il orta aylıq əmək haqqı 800 manatdır, 2023-cü ildə isə 898 manat olacaq.
Bu rəqəm ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Həqiqətənmi, ölkə üzrə əhalinin əksəriyyəti aşağı gəlirli sahələrdə çalışdığı halda orta aylıq əmək haqqı hazırda 800 manatdır?
Bu sualı Sitat.info-ya açıqlamasında cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli vurğuladı kli, Azərbaycanda orta aylıq əmək haqqının hesablanma qaydalarında problemlər var: "Problem ondan ibarətdir ki, sahələr üzrə orta maaşları götürüb sonra sahələrin sayına bölürlər. Amma elə sahələr var ki, orada maaşlar çox yüksəkdir, lakin çalışanların sayı çox azdır.
Məsələn, bank sektorunda maaşlar yüksəkdir, işçilərin sayı 10 mini keçmir, neft sektorunda maaşlar yüksəkdir, amma 50 minə yaxın işçi var.Hüquq mühafizə orqanları dövlət sektorudur, məhkəmə sistemində maaşlar çox yüksəkdir, amma məhkəmə sistemində hakimlərin sayını hesablasaq ölkə üzrə 520 hakim var. Yəni bunların sayı azdır".
İqtisadçı vurğuladı ki, əmək haqqı səviyyəsi aşağı olub çalışanların sayı kütləvilik təşkil edən sahələr də var: "Müəllimlərin sayı çoxdur, amma orta aylıq əmək haqqları aşağıdır. Ümumi olaraq ölkə üzrə 270-280 min təhsil işçisi var bunların maaşları çox aşağıdır. Ona görə də bu orta aylıq əmək haqqından savayı belə bir indikator var, median əmək haqqı. Bu sahələr üzrə median əmək haqqının hesablanması vacibdir ki, hansı məbləğdən yuxarı alanların sayı nə qədərdir. Bizdə median əmək haqqı 405 manatdır. Yəni, çalışanların yarısı 405 manat və ondan daha aşağı maaş alır. Bu daha vacib göstəricidir və bu median əmək haqqı göstəricisini hökümət sevmir və bu haqda danışmır. Amma bu mənzərəni daha rahat şəkildə görməyə imkan verir. Azərbaycanda məhz ümumimedian əmək haqqı 700-800 manat olmalıdır ki, ölkənin çalışanlarının ümumi gəlirlərinin ciddi artımından söhbət gedə bilsin".
Səid İsaoğlu,
Sitat.info