Gənclər arasında zorakılıq, bıçaqlanma, xuliqanlıq və buna bənzər halların yaşanması, bullinq hallarının baş verməsinin səbəbləri nədir? Belə halların qarşısının alınması üçün nə etmək lazımdır?
Sitat.info-nun suallarını cavablandıran psixoloq Elnur Rüstəmov vurğuladı ki, bu kimi hallara cəmiyyətdə fərqli yanaşmalar mövcuddur və bu yanaşmaların da özünəməxsus doğruları var: "Ümumiyyətlə hər bir törədilən cinayətə yanaşma var. Bu cinayətlərə hər bir cəmiyyətdə, dövlətdə hüquqi müstəvidə qiymət verilir. Yanaşmalar isə fərqli ola bilər ki, bu da adət-ənənələrdən yanaşma üsulu, dini yanaşma üsulu və digər yanaşma tərzlərinə görə fərqlənir".
Psixoloq qeyd etdi ki, yaxın günlərdə bir gəncin bıçaqlanması hadisəsinə də yanaşmalar fərqlidir: "Burada ictimaiyyətdən kimi valideyni, kimi təhsili, kimi mühiti, kimi isə geniş yayılmış interneti səbəb olaraq axtarır. İnternet və sosial platformalarda kriminal hadisələrlə bağlı materiallar paylaşılır. Bu da gənclərin, uşaqların psixologiyasına mənfi təsir göstərir. Ümumiyyətlə bu hadisədə həm valideyn, həm təhsil, həm də internet oyunlarının öz bəlli təsirləri var. Bu gün üçün onu da deyə bilərik ki, bizim xilasımız daha çox təhsilə istiqamətlənməyimizdir. Əgər biz təhsilə istiqamətlənsək, ona adekvat olaraq şəxslərarası konflikt konkret, sivil yolla həll olunacaq. Belə olduqda tərəflər bir-birinə hörmətlə yanaşarlar".
E.Rüstəmov vurğuladı ki, uşaqda aqressiya varsa, bu valideynin məşğul olması gərəkən problemdir: "İkinci bir məsələ, uşaqda hər hansı bir aqressiya olarsa, şiddətə meyillilik varsa və buna görə tədbir görülmürsə burada valideynin məsuliyyəti böyük olmasıdır. Digər bir məsələ isə təhsillə bağlıdır. Uşaqların, gənclərin təhsilə cəlb olunması, təhsil prosesində aktiv iştirak edilməsində təhsilə cavabdeh olan qurum məsuliyyət daşıyır. İnternet elə bir platformadır ki, onu nəzarət altında saxlamaq qeyri-mümkündür. Onu sadəcə insanın internetlə davranışını bilməsi ilə nəzarətdə saxlamaq olar. Valideynlərə səslənirəm ki, uşaqlara edilən yatırımlar heç vaxt hədər olmur. Əgər dünən uşağın fiziki sağlam olmasının yetərli olduğunu düşünürdüksə bu gün psixoloji cəhətdən də sağlamlığı düşünməliyik. Burada da valideynin rolu böyükdür. Yeni dövrdə uşaqların tərbiyə olunması yeni qaydalarla həyata keçirilir və hər bir valideyn bu qaydaları nəzərə almalıdır".
Seymur Bənnayev,
Sitat.info