Bütün qadınlar gözəl görünmək istəyir. Buna görə də kosmetik vasitələr dünyada ən çox istifadə edilən məhsullardandır. Amma qadınların əksəri bu məhsulların saxtasını əslindən ayırmaqda çətinlik çəkirlər. Bəzi qadınların isə saxta kosmetik vasitələrin insan orqanizmində yaratdığı fəsadlardan xəbərsizdirlər.
Əslində sadə insanları qınayası da deyil. Çünki saxta məhsullar orijinala o qədər oxşar hazırlanır ki, mütəxəssislər belə onları bir-birindən ayrımaqda çətinlik çəkirlər. “Düzgün seçim” layihəsi çərçivəsində bu dəfə kosmetik vasitələrin saxtası ilə əslini bir-birindən ayırmağa çalışacağıq.
Öncə xanımların kosmetik vasitələr alarkən nəyə diqqət etdiklərini öyrəndik. Onların sözlərinə görə məhsul alarkən onun haqqında internetdə yazılan rəylərə, qiymətinə üstünlük verirlər.
Bəs bu məhsullar ölkəyə necə idxal olur? Necə saxtalaşdırılır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kosmetik vasitələrin təxminən 40%-i ölkəyə gizli yollarla gətirilir: “İllər boyu biz bu bazarın tədqiqatını aparmışıq. Standartlara uyğun olmayan təsadüf yerlərdə hazırlanmış, lakin məşhur brendlərə bənzəyən qaçaq mal yolu ilə gətirilən çox saylı kosmetik vasitələr var. Ən brend dükanda belə, saxta məhsula rast gəlmək olar. Heç də bahalı kosmetik vasitə onun natural olması demək deyil”.
Eyyub Hüseynov onu da qeyd etdi ki, kosmetik vasitələrin də üzərində ərzaq mallarında olduğu kimi istehsal və son istifadə tarixi olmalıdır. Ümumilikdə isə orijinal kosmetik vasitənin istifadə müddəti 3 aydan artıq olmamalıdır. Artıqdırsa, deməli tərkibində həddindən artıq konservant var.
Bu cür məhsulların tərkibində xərçəng riskini artıran zərərli kimyəvi qatqılar mövcuddur. Məsələn, biomutagenlər adlı kimyəvi maddələrə uzun müddət məruz qalmaq sağlamlıq baxımından zərərlidir. Bir çox ətir və dırnaq boyalarında istifadə edilən fitalatlar hormon pozucu olduğu üçün bu məhsullardan tez-tez istifadə edən qadınlar hamilə qalma, doğuş problemləri ilə qarşılaşa bilərlər.
Paraben, fitalat, sulfat, triklosan, alüminium kimi kimyəvi maddələrlə dolu olan kosmetik məhsullardan mütəmadi istifadə nəticəsində müxtəlif xərçəng növləri, sonsuzluq, göz və dəri problemləri yaranır.
Bundan başqa, bəzi firmalar təbii tərkibli, "100 faiz natural" etiketi ilə buraxdığı məhsulların tərkibinə donuz piyi və sperma əlavə edir. Bunlar daha çox 40 yaşdan sonra istifadə edilən yaşlanma əleyhinə kremlərin, dərini kollagenlə təmin edib dəri sallanmasının qarşısını alan məhsulların tərkibinə vurulur.
Qablaşdırmanın üzərində "Cetyl palmitate", "cetaceum", "spermaceti" yazılıbsa, bilin ki, söhbət spermadan gedir.
Əgər məhsulun üzərində "Jelatin", "lesitin", "sorbitan oleat", "myristic acid", "biotin" və "Lcysteine" kimi maddələrin adını görürsünüzsə, deməli, tərkibində donuz yağı var.
Ancaq bu maddələr kosmetik vasitənin tərkibində cüzi miqdarda olur və sağlamlığa heç bir zərəri yoxdur.
Həkim-kosmetoloq Vəsilə Əhmədova deyir ki, kosmetoloji vasitələri alarkən saxta olub-olmadığını bilmək üçün qablaşdırmaya fikir verilməlidir. Brend məhsulun saxta versiyasını çıxaran istehsalçılar yazıların keyfiyyətində, ölçüsündə, rəngində və parlaqlığında, həmçinin şriftlərdə səhvlərə yol verirlər.
Məhsulun qabında istifadə edilən kağızın qalın, keyfiyyətli və parlaq olduğundan əmin olmaq lazımdır. Üzərində Azərbaycan dilində istifadə qaydalarının olması da məhsulun orijinallığından xəbər verir.
Bunlardan başqa, əsl kosmetikadan xammalın iyi gəlməlidir, parfümeriya qoxusu olmamalıdır. Orijinal kosmetikanın teksturası eynidir, xoşagəlməz qoxusu və ya lax notları yoxdur.
Məhsulu alarkən ştrix kodlara da diqqət etməliyik. Çünki hər ölkənin, istehsalçının özünəməxsus ştrix kodları var. İstehsalçı ilə ştrix kod üst-üstə düşmürsə, demək ki, həmin məhsul saxtadır.
Rənglərin palitrasını da kosmetika brendinin rəsmi saytından öyrənmək lazımdır. Saxta istehsalçılar əksər hallarda orijinal variantlarda olmayan rəngləri uydururlar.
Ən yaxşı çıxış yolu isə mağazadan aldığınız kosmetik məhsulların sertifikatını tələb etməyinizdir.
Dermatoloq Ramin Qocayev deyir ki, mənşəyi bilinməyən kosmetik vasitələr istifadə etdikdə üzdə qızartılar artır, artdıqca isə geri dönməz proseslər yaşanır. Məsələn, dodaq boyasının dodaqda uzun müddət qalması heç də onun orijinal olmasına dəlalət etmir, hazırlanmasında daha sərt vasitələrdən istifadə edildiyini göstərir. Bu isə orqanizmə ciddi zərər verə bilər: “Ən çox istifadə olunan tanal kremlər, lasionlar, hər hansı bir mənşəyi, istehsalı bilinməyən nəmləndirici və soyuducu kremlər və yaxud piqmentasiyaya qarşı olan kremlərin fəsadları ilə bağlı bizə müraciətlər çoxalır. Səbəb isə odur ki, insanlarda hər hansı estetik pozuntu olanda məsələn, üzündə ləkə olduqda, özbaşına olaraq mənşəyi bilinməyən dükanlardan bu vasitələri alaraq istifadə edirlər. Nəticədə dermatoloji xəstəliklər yaranır. Lokal allergik reaksiyalar yaradan kremlərin əksəriyyəti soyucu kremlər olur, yəni piqmentasiyanı soyumaq üçün istifadə olunan müxtəlif turşu tərkibli kremlərdir ki, bunlar dərinin üzərində kontakt allergik dermatit yaranır. Üz başlayır qaşınmağa, sulanmağa, çartlamağa, qızarmağa və səpkilərin yaranmasına və infeksiyaların düşməsinə səbəb olur ki, burada piyadermiyalar, göbələklər aiddir və s”.
Və sonda... Çox zaman qadınlar "xarici mal keyfiyyətli olar" deyib müxtəlif saytlardan kosmetik vasitələr sifariş edilər. Amma unutmamaq lazımdır ki, saytlardan sifariş edilən məhsullar əksər hallarda saxta olur. Məhsulu saytdan almaq istəyirsinizsə, mütləq istehsalçı və ya idxalatçı firmanın məlumatlarını tələb edin. İdxalatçı və ya istehsalçı firma ilə əlaqə saxlayıb məhsulun keyfiyyətinə əmin olduqdan sonra arxayınlıqla sifariş etmək olar.