Vətəndaşın imkanı olmasa, dövlət kommunal xidmətləri ödənişsiz təmin etməlidir" - Tural Abbaslı qazın qiymətindən DANIŞDI

15:56 8 Dekabr 2022

Azərbaycan dünyaya qaz ixrac edir, o cümlədən Gürcüstana, Türkiyəyə güzəştli qiymətə qaz satır. Son vaxtlar dünya bazarında təbii qazın qiymətlərinin  kəskin bahalaşmasından da hökumət kifayət qədər gəlir əldə edir. Buna baxmayaraq, ölkə daxilində qazın qiyməti olduqca yüksəkdir. Güzəştli limit tətbiq edilsə də, əhalinin xeyli hissəsi bu limiti qısa müddətdə tükədir. Nazirlər Kabineti vəziyyəti belə izah edir ki, qazdan çox istifadə edən şəxslər imkanlı, az istifadə edənlər isə kasıb şəxslərdir. Lakin biz hava şəraitini və coğrafi ərazini nəzərə aldıqda görürük ki, real həyatda bu belə deyil. Bölgələrdə, Bakıətrafı kəndlərdə, mərkəzi istilik sisteminin olmadığı yerlərdə insanlar həyət evlərini qızdırmaq üçün kombidən, İran peçlərindən istifadə edirlər. Bu isə qısa müddətdə illik güzəştli limitin tükənməsinə səbəb olur, güzəştli limitdən çıxdıqda isə  qiymət daha da artır. Ölkədə kifayət qədər resurslar, qaz ehtiyatları olmasına baxmayaraq,  əhali bu məsələdə niyə əziyyət çəkir?

Mövzu ilə bağlı Sitat.info-ya danışan Ağ Partiya sədri Tural Abbaslı vurğuladı ki, qazla bağlı hər il soyuqlar başlayanda problemlər yaranır: " Azərbaycanın əksər əraziləri qazlaşdırılsa da, qazla təmin olunmayan hissələri də var. Orada vəziyyət daha da dəhşətlidir. Odundan istifadə edili,  hətta odun belə tapılmayan yerlər var. Hökumət hər zaman elan edib ki, bizim dövlətimiz sosial yönümlüdür. Amma bütün kommunal xidmətlərin  və Tarif Şurasının müəyyən etdiyi qiymətlərin  əsaslandırması hamısı kapitalist dəyərlərə uyğun olaraq formalaşdırılır.  Yəni hər şeydən xeyir götürmək, qazanc əldə etmək niyyəti güdülür. Ona görə də yük aşağı təbəqəli vətəndaşların üzərinə düşür. Vətəndaş nə qədər çox qaz işlədirsə o qədər də varlıdır fikri çox boş bir fikirdir. Bu tam əksinədir. Kasıb vətəndaşların evləri yaxşı vəziyyətdə olmadığına görə onlar qazdan daha çox istifadə etməli olurlar". 

T.Abbaslı vurğuladı ki, vətəndaşın kommunal borcu ödəməyə imkanı olmasa dövlət hətta həmin kommunal xidmətləri ödənişsiz təmin etməlidir: "Çünki bu xalqın təbii sərvətidir və xalqa sərf olunmalıdır. Biz vətəndaşlara lazım gəldikdə kommunal xidmətlərin ödənişsiz verilməsi yolunda da addımlar atmalıyıq. Bunun müxtəlif variantları var, qiymətlərin endirilməsi, payız-qış aylarında qiymətlərə xüsusi endirimlər etmək və s. 

Lakin biz görürük ki, hazırkı qiymətlər vətəndaşların gəlirlərinə uyğun deyil. Tarif Şurası kommunal xidmətlərin qiymətlərinin endirilməsi üçün addımlar atmalıdır. Buna qarşı çıxılsa AZAL-ı nümunə göstərə bilərik ki, AZAL-da il ərzində dövlət büdcəsindən kifayət qədər dotasiya alır və geri vermir. Belə olduqda həmin qurumlar da ləğv edilməlidir?!".

Partiya sədri qeyd etdi ki, qaz məsələsi ciddi məsələdir və dövlət dərhal bu məsələ üzərində ciddi addımlar atmalıdır: "Qazın qiyməti dərhal Tarif Şurası tərəfindən tənzimlənməlidir. Biz şəhərdə yaşayırıq və biz belə evi qızıdrmaq üçün kifayət qədər məbləğ sərf edirik. Bu qiymətlər hətta orta təbəqə üçün uygun məbləğ deyil".

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti