Neft-qaz daxilolmalarından SOCAR-a nə qədər çatıb - Hesabatda əksik məqam...

18:10 16 Dekabr 2022

"Neft-qaz ixracatından (neft məhsulları da daxil) ölkəyə 28,7 mlrd. dollar daxil olub. Bu vəsaitin təxminən 13 mlrd. dolları mənfəətin və investisiyaların repatriasiyası çərçivəsində xarici neft şirkətləri vasitəsilə ölkədən çıxarılıb, 7 mlrd. dollara yaxını mənfəət nefti formasında Neft Fonduna köçürülüb. Dövlət Neft Şirkətinin şəffaf hesabatlılıq sistemi olmadığından bu dövriyyədən şirkətə çatan məbləğ bilinmir".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev deyib. 

Onun sözlərinə görə, beynəlxalq tranzit daşımalarının artması nəqliyyat xidmətlərinin ixracından gəlirləri də 50% artırıb: "Bu xətlə daxilolma 2.3 mlrd. dollar olub. ötən il 1,7 mlrd. USD idi. Amma bu artımın mənbəyi neft-qaz daşımalarıdır. Neft-qazın tranzit nəqlindən gəlirlər 717 mln. dollardan  1.4 mlrd. dollara çatıb. Qeyri-neft daşımalarının həcmi ötən ilki qədər 800 milydon dollardan bir qədər çox olub. Bu fakt onu göstərir ki, rəsmi təbliğatda müharibə səbəbindən "Orta dəhliz"in əhəmiyyətinin artması ilə bağlı söylənənlərin əksinə olaraq hələ də bu tranzit kanal qeyri-neft yüklərinin beynəlxalq hərəkətində rolunu artıra bilmir".

R.Ağayev vurğuladı ki, ilkin gəlirlər hesabının defisiti 4 dəfə artaraq 4.3 mlrd. dollara çatıb: "Defisitin böyüməsinin səbəbi xarici neft-qaz şirkətlərinə çatan mənfəətin ölkədən çıxarılmasıdır. Vətəndaşlara xaricdən göndərilən pulun həcmi 4 dəfəyə yaxın artıb - 2.8 mlrd. dollara çatıb. Maliyyə hesabının kəsiri 6,5 dəfə böyüyərək 9,6 mlrd. dollara çatıb.

Tədiyyə balansı statistikasının uçota ala bilmədiyi ölkədən kənara kapital axını 510 mln. dollar təşkil edib.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti