Bakıdakı Şəhidlər Məscidində Türkiyə Diyanət İşləri Başqanlığı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla “Şəhidləri Anma, Xətm və Dua” adlı tədbir keçirilib.
Tədbirdə Diyanət İşləri Başqanının müavini, dosent Selim Arqun, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, Diyanət İşləri Başqanlığının Müshəfləri İncələmə və Qiraət Şurası Başqanı Dr. Hafiz Osman Şahin, Ayasofya Məscidi İmamı Ferruh Muştuer, Fatih Məscidi İmamı Metin Çakar, Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık, şəhid anaları, şəhidlərin ailə üzvləri və çox sayda qonaq iştirak edib.
Azərbaycan ilə Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün şəhidlərin ruhlarına ithafən Türkiyə və Azərbaycanlı qarilər tərəfindən Qur`ani-Kərim oxunub. Daha sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev oxunan xətmlərin duasını edib və şəhidlər üçün dualar edilib. Tədbirin sonunda şəhid ailələrinə Qur`ani-Kərim hədiyyə olunub.
Türkiyə Diyanət İşləri Başqanının müavini, dosent Selim Arqun, Qafqaz İslam Ordusu, Qarabağ müharibəsi, Vətən Müharibəsi və bütün şəhidləri yad etmək üçün bu tədbirin təşkil edilməsindən vurğulayaraq tədbirin keçirilməsinə görə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinə təşəkkürünü bildirib.
Arqun “100 il əvvəl Nuri Paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusu əsgərləri bu coğrafiyanın düşmən işğalından azad edilməsi üçün döyüşdülər, can verib can aldılar, şəhid oldularsa, 100 il sonra da Türkiyə və Azərbaycanın qardaşlığı ilə birlikdə Qarabağ uğrunda zəfər qazanıldı.”, – deyə bildirib.
Şəhidləri rəhmətlə yad etdiklərini vurğulayan Arqun sözlərinə belə davam edib: “İstər buradakı şəhidliyimizi ziyarət etdiyimizdə, istərsə də Çanaqqala şəhidliyimizi ziyarət etdiyimizdə, bu coğrafiyanın bütün yerlərindən hərbçilərimizin iki cəbhədə də şəhid olduğunu görürük. Bu isə bizim Anadolu torpağı ilə Azərbaycan torpağının sanki ətlə dırnaq kimi bir-birindən ayrılmadığını, ayrılmayacağını, ortaq bir keçmişə və ortaq bir gələcəyə sahib olduğunu göstərir.”