Yarım milyardı mənimsəyən qardaşlara hökm oxundu
Sitat.info Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə hökm elan edilib.
Hökmə əsasən bir neçə gün öncə ağır xəstəlikdən əziyyət çəkən və ev dustaqlığına buraxılan Bahadur Qasımov azadlıqda qalıb. Onun həbsdə keçirdiyi 2 il 11 ay cəza yetərli sayılıb. Qardaşı İkram Qasımova və əmisi oğlu Fərhad Quliyevə 4 il 6 ay, Cavid Əzizov və Anar Əhmədova 4 il, Vəli Əliyevə isə 3 il həbs cəzası verilib.
Hökmə əsasən, 100-ə yaxın "Rənc Rover", "Bentley", "Mersedes", BMV, "Mitsubishi" və digər markalı minik və yük avtomobilləri, Bakıda və bölgələrdə yerləşən villalar, çoxsaylı mənzillər, qeyri-yaşayış sahələri, qayıqlar və digər əmlak üzərindəki həbs qərarı ləğv edilib.
Təqsirləndirilən İkram Qasımovun Yasamaldakı ofisindən və yaşadığı evdən götürülmüş 3 milyon manatdan artıq nağd pul, 1 milyon manat dəyərində qızıl-zinət əşyaları, Xızı rayonundakı bağ evi müsadirə olunub.
Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələrinə qarşı əməliyyat keçirib.
Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov həbs ediliblər.
İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.
Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib. Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulmuşdu.
Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.