Tələbə gənclər Zəfər tariximizin qəhrəmanlarını yad ediblər

17:05 28 Sentyabr 2023

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Tələbə Gənclər Təşkilatları tərəfindən 27 Sentyabr -Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib. Anım Günündə Bakıda və regionlarda yerləşən ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsini ehtiramla yad edib, məzarlarını ziyarət ediblər.

Sitat.info xəbər verir ki, vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq qeyd olunan Anım Günündə qəhrəmanlarımızı yad etmək məqsədilə Tələbə Gənclər Təşkilatları tərəfindən həyata keçirilən layihələr, kütləvi yürüşlər, konfranslar və tədbirlərdə 5000-dən çox tələbə gənc iştirak edib. Xeyriyyə klubları şəbəkəsinin təşəbbüsü ilə “Qəhrəmanlar unudulmur” adlı layihədə şəhid ailələri ziyarət edilib, qazilərlə görüşlər təşkil olunub. Vətənpərvərlik klubları şəbəkəsi tərəfindən tələbələrlə “Hərbi sirri yayma!”, “Vətən sizə minnətdardır” adlı görüşlər, o cümlədən İntellektual oyunlar klubları şəbəkəsi tərəfindən “Başlanğıc” adlı intellektual turnir keçirilib, o cümlədən Mədəniyyət klubları şəbəkəsi tərəfindən vətənpərvərlik mövzularında olan filmlərin nümayişi təşkil olunub.

Əlavə olaraq, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Odlar Yurdu Universiteti, Azərbaycan Universiteti, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci, Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci, Azərbaycan Dövlət İqtisad universiteti Zaqatala filialı və digər ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən 20-dən çox Tələbə Gənclər Təşkilatı tərəfindən reallaşan layihələr sırasında “Görünməz Qəhrəmanlar: Bizim Torpaq”, “#Unutmayacağıq” , “Zəfərin Başlanğıcı”, “Vətən sağolsun” adlı silsilə tədbirlər, görüşlər, kütləvi yürüşlər və səfərlər yer alıb.

Türkanə Əliyeva

Sitat.info

 




Xəbər xətti