Qəzzada ac qaldığı üçün südü kəsilən anaların körpələri gözləri önündə ölümlə çarpışır...

16:39 29 Fevral 2024

İsrailin Qəzza zolağında ac-susuz qalmağa məcbur etdiyi  analar qida çatışmazlığı səbəbindən körpələrini əmizdirə bilmirlər.

Qəzza şəhərində yaşayan fələstinli ana Ümmü Mahmud yemək tapa bilmədiyi üçün günlərdir aclıq çəkir. Yeyib-içə bilmədiyi üçün südü olmayan köməksiz ana 2 aylıq körpəsini yedizdirə bilmir.

Səhhətinin pisləşməsi nəticəsində hərəkət qabiliyyətini itirən körpənin bədən funksiyalarında da nəzərəçarpacaq dərəcədə pozulmalar var.

Körpəsinin acından ölməməsi üçün qucağına alıb küçələrdə yemək axtaran Ümmü Mahmud bir ananın yaşaya biləcəyi ən böyük çarəsizliyi yaşayır.

Ümmü Mahmud acınacaqlı vəziyyətdə gedərkən Qəzzada küçələrdən birinə girərkən Mülki Müdafiə Müdirliyinə bağlı təcili yardım maşını ilə qarşılaşıb. Həkim qrupu yorğun anaya ilk tibbi yardım göstərib və Ümmü Mahmudu körpəsi ilə birlikdə Qəzzanın Şifa xəstəxanasına aparıb. 

Həkimlərin lazımi müdaxiləsindən sonra reanimasiya şöbəsində müşahidə altında saxlanılan körpə Mahmud sağ qalıb. Ana isə ürəyi ağzında körpəsinin sağalma prosesini izləyir.

Ana və körpəsinin xəstəxanaya gəlişinin şahidi olan Mülki Müdafiə İdarəsinin mətbuat katibi Mahmud Basal onları tapdıqları ilk günü bu sözlərlə izah edir:

"Biz bir missiyadan qayıdırdıq. Birdən yolda qucağında körpə olan bir qadını gördük, o, ağlayır və kömək istəyirdi".

Ümumdünya Səhiyyə Təşkilatına "Qəzzada uşaqları xilas et" çağırışı

Körpədə həddindən artıq zəiflik gördüklərini və ilk tibbi yardım göstərildikdən sonra qida çatışmazlığı səbəbindən reanimasiyaya apardıqlarını bildirən Basal körpənin günlərlə süd içə bilmədiyini bildirib.

Basal Ümumdünya Səhiyyə Təşkilatını Qəzzada uşaqları xilas etməyə çağırıb.

İsrailin hücumlarının xalqı ac və susuz qoyaraq humanitar fəlakətə səbəb olduğu Qəzzada 13 uşağın aclıqdan öldüyü açıqlanıb. İsrail ordusu 146 gündür hücumlarını davam etdirərək, məcburi köçkün fələstinlilərin sığındığı mülki yaşayış məntəqələrini, xəstəxanaları, məktəbləri və sığınacaqları hədəfə aldığından, təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında humanitar fəlakət yaşanır. 

Beynəlxalq dairələr, xüsusilə də BMT təşkilatları, aclıq, susuzluq və gigiyena materiallarının çatışmazlığının səbəb olduğu xəstəliklər səbəbiylə Qəzzada atəşkəsə və bölgəyə humanitar yardımların daxil olmasını artırmağa çağırır. Xəstəxanaların çoxu tibbi ləvazimatları çatışmazlığından xidmət göstərə bilmir.

Yanvarın 26-da Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə qarşı çıxardığı müvəqqəti qərarlar Qəzzaya humanitar yardımların çatdırılmasını təmin etsə də, fevral ayında Qəzzaya daxil olan yardımların yanvar ayı ilə müqayisədə yarıbayarı azaldığı bildirilir.

BMT agentliklərinin məlumatlarına görə, Qəzzada 378 min insan IPC şkalasında "fəlakət" olaraq bilinən 5-ci dərəcəli aclıqla, 939 min insan isə "fövqəladə vəziyyət" olaraq bilinən 4-cü səviyyəli aclıqla üzləşib. .

Qəzza zolağında kəskin ərzaq təhlükəsizliyi Ümumdünya Səhiyyə Təşkilatının "kritik" olaraq təyin etdiyi 15 faizlik həddi keçərək 16,2 faizə çatıb.

Seymur,

Sitat.info



Xəbər xətti