2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində yaranan və tezliklə dünyanı cənginə alan koronavirus pandemiyası qısa müddətdə Azərbaycanda da yayılmağa başladı. Bu virusdan ölüm hallarının çoxalması (ümumilikdə 792 305 nəfər) , ölkə rəhbərliyi tərəfindən bir çox qərarın qəbul olunmasına, sərtləşdirilmiş karantin rejminin tətbiqinə gətirib çıxartdı. Pandemiya dövrü ölkələrin sosial-iqtisadi imkanlarına da mənfi təsir göstərdi. Son günlər də isə sevindirici haldır ki, artıq pandemiya dövrü demək olar başa çatır. Bunu yoluxma və ölüm saylarının azalması da təsdiq edir.
Karantin qaydaları tətbiq olunarkən insanların sağlamlığını nəzərə alaraq ölkə rəhbərliyi tərəfindən xarici ölkələrə gediş-gəlişdə vaksin pasportu və PCR testləri tələb olunması haqqında qərar qəbul edilmişdi. Lakin hal-hazırda pandemiyanın sönməyə doğru getməsi həmin tələblərin bir qisminin aradan qaldırlması ilə nəticələndi.
"Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanov da deyib ki, pandemiyanın səngiməyini nəzərə alsaq, ölkəmizə daha çox turist cəlb edə bilərik: "Əsasən də Rusiyadan turist axınını artırmaq olar. Turist axınını bərpa etmək üçün ilk növbədə ölkəmizə gediş-gəlişi asanlaşdırmaq lazımdır. Quru sərhədlərimiz bağlıdır. Təyyarə ilə gələnlərdən isə koronavirusla bağlı PCR test və vaksin pasportu tələb olunurdu. (Artıq test tələbi ləğv olunub) Ölkəmizə gəlmək istəyən turist PCR test üçün əlavə xərcə düşməməyə görə səyahətdən imtina edirdi. Bir çox ölkələrdə vaksin pasportu varsa, PCR testə ehtiyac olmur. PCR testinin yığışdırılması, turistlərin sayında artım olacaq".
Azərbaycanda quru sərhədlərinin açılması, xaricə gediş-gəlişin bir qədər asanlaşdırılması qərarları ilə yanaşı başqa hansı şərtlər yumşaldıla bilər (maska, karantin ləğvi və s.) ?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, pandemyanın bitməsi ilə bağlı ÜST raport vermədiyi təqdirdə pandemiya bitmiş sayılmır: "Pandemiya davam edir və Omicron heç də mutasiya olunan son ştam deyil. Bu mutasiyalar davam edir”.
Karantin şərtlərinin yumşaldılması məsələsinə toxunan doktor bildirdi ki, bu gün kifayət qədər yumşalmalar olsa da, situasiyanın istənilən an dəyişə biləcəyini unutmamalıyıq: “Karantin vəziyyətinin yumşalması məlumdur. Karantin qaydalarının sərtləşdirilməsi və yumşaldılması epidemoloji vəziyyətlə əlaqədardır. Ona görə də birmənalı praqnoz vermək çətindir. Hesab edirəm ki, pandemiya sona doğru gedir. Belə davam etsə, düşünürəm ki, ÜST-nin raportu ilə pandemiyanın tamailə ləğvi təsdiqini tapacaq".
Safura Bənnayeva
SİTAT.İNFO